“Tez-tez ermənilərin bəzi rayonlarda niyə yaşamaqda davam etdiyi məkrlə müzakirəyə çıxarılır” – Mirşahinbackend

“Prezident İlham Əliyevin dəfələrlə, istər xalqa müraciətləri, istərsə də dünya mediyasına müsahibələrində ermənilərin Azərbaycanın qanunlarına tabe olaraq Qarabağda yaşayacaqları təqdirdə buna qədərkindən dəfələrlə yaxşı yaşayacağını deməsini unutmayaq. O erməni və azərbaycanlıların dinc yanaşı yaşaması mövzusuna mütəmadi toxunub. Azərbaycan “Dağıq Qarabağ münaqişəsi daha yoxdur!” bəyanatını həm də belə bir perspektivi nəzərə alaraq verir. Yəni “Dağlıq Qarabağda yaşayanlar arasında münaqişə yoxdur!”. Deməli ermənilər və azərbaycanlılar arasında yeni, münaqişəsiz mərhələ başlanır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

“Yeri gəlmişkən, sosial şəbəkələrdə məhz sadədil kontingent üçün nəzərdə tutulan avantüra porsiyaları da var ki, burada tez-tez ermənilərin bəzi rayonlarda niyə yaşamaqda davam etdiyi məkrlə müzakirəyə çıxarılır. Xankəndinin, Xocavəndin, Əsgəranın, daha haralarınsa adları çəkilir. İdeya sapandçıları da tapılır ki, desin: onları ordan köçürmək lazım idi. Qələbə tam olmadı və sair. Əvvəla, unutmayaq ki, Azərbaycanda ayrı-ayrı yaşayış məntəqələri var ki, həmin ərazilərdə də kompakt şəkildə azsaylı xalqların nümayəndələri yaşayır. Əsas odur ki, onlar Azərbaycanı öz vətənləri hesab edir, o vətən üçün yaşayır, o vətən üçün şəhid olurlar. “Qarabağ Azərbaycandır!” düşüncəsi də bundan sonra Azərbaycanın qanunlarını qəbul edən ermənilər qarışıq Azərbaycanı əhatə etməlidir. Biz belə bir gələcəyə hazır olmalıyıq” – M.Ağayev qeyd edib.