Tikinti şirkətləri ilə bağlı ÇAĞIRIŞbackend

Ombudsman dövlət qurumlarını tikinti şirkətlərinə nəzarəti gücləndirməyə çağırıb.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə bildirilib ki, yaşayış məntəqələrində, əhalinin daha sıx məskunlaşdığı ərazilərin ətrafında inşaat işləri aparan tikinti şirkətləri tərəfindən tikinti meydançalarında təhlükəsizlik qaydalarına riayət edilməməsi, tikintisi aparılan bina və qurğuların təmas sahəsində yerləşən evlərə münasibətdə tikintidə təhlükəsizlik qaydalarının pozulması, ümumi gediş-gəliş yolunun tikinti texnikası, avadanlıq və inşaat materialları ilə zəbt olunması, sanitar qaydalara əməl edilməməsi və ətraf mühitin çirkləndirilməsi nəticəsində hüquqları pozulan şəxslərdən Ombudsmanın ünvanına daxil olan müraciətlər narahatlıq doğurmaqdadır.

Müvafiq problemlə bağlı şikayətlərin araşdırılması praktikası onu deməyə əsas verir ki, bu sahədə mövcud problemlər aidiyyəti səlahiyyətli dövlət qurumları tərəfindən diqqətdə saxlanılmır, vətəndaş müraciətləri bürokratik yanaşmaya məruz qalmaqla yanaşı, şikayətlər üzrə ciddi tədbirlər görülmür, təqsirkar vəzifəli şəxslər cəzalandırılmır.

Təəssüf hissi ilə qeyd edilməlidir ki, tikinti şirkətləri tərəfindən xüsusilə yol kənarlarında, habelə piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə inşa edilən bir sıra hündürmərtəbəli binalarda bir çox hallarda təhlükəsizlik qaydalarına riayət edilmir ki, bu da ətrafda yaşayan sakinlərin və ya piyadaların həyat və sağlamlıqlarını, eləcə də əmlaklarını təhlükə altında qoyur.

Yeri gəlmişkən qeyd edilməlidir ki, qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin və aidiyyəti dövlət qurumlarının yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olmaqdadır. Belə ki, istismarına qanunla müəyyən edilmiş qaydada icazə verilməyən, lakin əksər hissəsi artıq məskunlaşmış bir çox hündürmərtəbəli yaşayış binalarında sakinlər elektrik enerjisi, içməli su və təbii qaz təchizatında, habelə lift və digər kommunal xidmətlər sahəsində ciddi problemlərlə üzləşməkdədirlər.

Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti səlahiyyətli dövlət qurumları tərəfindən mövcud sahəyə nəzarətin gücləndirilməsi və narahatlıq doğuran halların qarşısının alınması, o cümlədən tikintisinə icazə verilmiş yaşayış binalarının təhvil verilməsi prosesində mövcud olan məhdudiyyətlərin aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi məqsədəmüvafiqdir.