Tokayevin Rusiya və KTMT-yə müraciətinin səbəbi açıqlandıbackend

“Qazaxıstan prezidenti Tokayevin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətinin sadə səbəbi var. O, Qazaxıstan polisinin və ordusunun etirazları yatırtmağa gücü çatmayacağından, ən pis halda isə etirazçıların tərəfinə keçəcəyindən qorxduğu üçün Moskvaya müraciət etdi”.

“Yeni Gündəm” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, ordu və polis həmişə güclünün yanında yer alır: “Güclər arasında nisbət dəyişəndə ordu və polis düşünməyə başlayır və verilən əmrləri dəyişən nisbətə görə icra edir. Uzaq və yaxın tarixdə baş verən inqilablar da bundan xəbər verir. Tokayevin qorxusu əsassız deyildi, bəzi yerlərdə polis işçiləri etirazçılara qoşulmuşdular və bu prosesin getdikcə genişlənməsi ehtimalı yüksək idi. Tokayev hakimiyyəti qorumaq üçün bu vəziyyətdə Moskvadan yardım istədi. Ancaq bu yardım və hadisələrin bundan sonrakı inkişafı Qazaxıstan üçün yeni təhlükələr yaradacaq”.