“Tosuncuk” ləqəbli məşhur dələduz polisə təslim oldubackend

Türkiyədə 100 mindən çox şəxsi aldadaraq milyonlarla dolları ələ keçirən və uzun müddətdir beynəlxalq axtarışda olan “Tosuncuk” ləqəbli dələduz Mehmet Aydın Braziliyanın San-Paulu şəhərində polisə könüllü təslim olub.

“Yeni Gündəm”-in Türkiyə mətbuatına  istinadən xəbərinə görə, 2018-ci ildə qurduğu “Çiftlik Bank” internet oyunu ilə 132 min 222 nəfərdən 1 milyard 139 milyon lirə ələ keçirərək xaricə qaçan Aydın ötən gecə San-Paulu səfirliyinə yaxınlaşaraq polisə təslim olub.

Bildirilir ki, 26 yaşlı dələduz ötən gün vəkilləri vasitəsilə “Sözçü” qəzetinə videomüraciət göndərərək təslim olmağa hazırlaşdığını deyib.

“Mən Mehmet Aydın. Məlum olduğu kimi, “Çiftlik Bank”ın qurucusu və ixtiraçısıyam. Bu layihəyə başlayanda məqsədim oyun platformamızdan istifadə edən insanların həm oyun oynamasını, həm də şirkətimizin reklam büdcəsinə ayırdığı puldan faydalanmasını və əlavə gəlir əldə etmələrini təmin etmək idi.

Heç vaxt kiməsə zərər vermək və ya dələduzluq etmək düşüncəm və cəhdim olmayıb. Qurduğumuz oyun platforması sizin tərəfinizdən sevildi və qəbul edildi. Sizdən aldığımız güclə Türkiyənin 81 ilində filiallar açdıq, ət, süd, bal və yumurta müəssisələrinə investisiya qoyduq, ancaq son dövrdə şirkətin çox böyüməsi ilə ətrafdakı pis niyyətli şəxslərin haqsız qazanc əldə etdiyini və qazanmağa çalışdığını şirkətin böyüklüyünə görə çox gec anladığım üçün sizin kimi mən də qurban oldum”, – deyə M. Aydın açıqlamasında bildirib.

Aydının vəkili Şehmus Uluç onun yaxın günlərdə Türkiyəyə gətiriləcəyini açıqlayıb.