Tovuzda yandırılan 10 yaşlı qızla bağlı cinayət işi açıldıbackend

Ötən ilin noyabrında azyaşlının itkin düşməsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti bu il yanvarın 6-da Dondar Quşçu kəndində tapılıb. N. Quliyeva noyabrın 21-də qonşudakı toydan evə gedərkən yoxa çıxıb.

Azyaşlının meyitinin üzərində yanıq xəsarətləri aşkar edilib.