Toylara bu tarixdən icazə verilə bilərbackend

Oktyabrın 19-da Səfər ayı başa çatır, beləliklə də Məhərrəm ayı da bitəcək. Bu səbəbdən oktyabr ayında artıq toy və nişan məclislərinin keçirilməsinə  icazə verilə biləcəyi haqda fikirlər səsləndirilir.

Məlum olduğu kimi, artıq 6 aydır ki, Azərbaycanda toy-nişan məclisləri keçirilmir. Artıq rəsmilər də dilə gələrək qeyd edirlər ki, müəyyən şərtlər və qaydalar daxilində toy-nişan məclislərinin də keçirilməsinə icazə verilməlidir. Bununla bağlı qadağanın vaxtı uzandıqca cəmiyyətdə həm sosial-iqtisadi, həm də digər məsələlərlə bağlı bir çox problemlər ortaya çıxa bilər.

Beləliklə, bu məsələ ilə bağlı müxtəlif versiyalar da təklif olunur. Məsələn, qeyd edilir ki, bəy-gəlinin ən yaxın ailə üzvlərinin iştirakı ilə və ya 50 nəfərə yaxın qonaqla toy keçirmək olar. Digər qohum və dostlar isə toyda iştirak etməsələr də bankda bəy-gəlinin adına açılmış hesaba pul köçürə, bununla da gənc ailəyə dəstək olmuş olarlar. Və yaxud “ayaqüstə ”şvedski” süfrə açmaqla toy etmək mümkündür” deyənlər də var.

Məsələ ilə bağlı Yeni Müsavat”ın əməkdaşı millət vəkili Fazil Mustafanın rəyini öyrənməyə çalışıb. Deputat qeyd edib ki, istənilən vaxt toy keçirilə bilər, hansısa ayın bu məsələyə aidiyyəti yoxdur: “Çünki məlum olduğu kimi, İslam dinində bununla bağlı heç bir qadağa yoxdur. Kimlərsə öz mülahizələrinə görə müəyyən edirlər ki, ”bu ay toy olar, ya olmaz”. Yəni hərə öz dini baxışlarına görə yanlış təsəvvürə gəlib. Ona görə də qeyd etdiyim kimi, istənilən vaxt toy etmək olar, buna görə heç bir məhdudiyyət yoxdur. Sadəcə, dini adət-ənənələri dərindən bilmədiyimizə görə çıxılmaz vəziyyətdə qalmışıq. Təbii ki, tədricən karantin rejimi yumşaldıqca, 50 nəfərə yaxın qonaqlardan ibarət olan toyların da keçirilməsinə icazə verilə bilər. Əsas odur ki, nəzarət gücləndirilsin, insanlar məsuliyyətli davransınlar. Bunu məsafə gözləməklə də həyata keçirmək olar”.

Fazil Mustafa bəy-gəlinin adına banklarda hesab açılmasının tərəfdarı olduğunu qeyd etdi: “Daha yaxşı olardı ki, bəy-gəlinin adına banklarda hesab açsınlar, toya gələ bilməyən yaxınları həmin hesaba vəsait ödəsinlər və bununla da toyda iştirak etmiş sayılacaq, həmçinin gənc ailəyə dəstək etmiş olacaqlar. Hər halda, Operativ Qərargah sadələşdirilmiş formada toyların keçirilməsinə icazə versə yaxşı olardı. Çünki toylara qoyulan qadağanın vaxtı uzadıldıqca ciddi sosial problemlər ortaya çıxır. Beləliklə, toylarla bağlı bir yol tapılmalı və qadağa aradan götürülməlidir”.

Fazil Mustafa qeyd etdi ki, pandemiya dövründən sonra da insanlar yenə də təmtəraqlı toy keçirməyə çalışacaqlar: “Hətta deyərdim ki, pandemiya dövrünün ”acığını” çıxaraq, daha təmtəraqlı, daha bahalı toylar keçirmək istəyəcəklər. Məsələn, əgər əvvəllər toylarda stolun biri 300 manat idisə, indi 600 manat olacaq. Səbəb isə odur ki, cəmiyyətimizdə hələ də dünyagörüşlü düşüncə, maarifçilik özünə yer tapmayıb. 15-20 nəfər ən yaxın ailə üzvləri ilə birgə toy keçirmək olar. Mütləq toya 20 müğənni çağırılmalıdır? Mütləq artıq pul xərclənməlidir? Toyda hətta adi musiqi səsləndirib, oynamaq olar. Amma təəssüf ki, bizdə insanlar sadəcə sonradan toy haqqında danışılsın deyə mütləq müğənnilər, çoxsaylı qonaqlar dəvət edirlər. Bir dəfə kimsə bir toy haqqında danışanda deyirdi ki, “toya 2 nazir, 6 deputat gəlmişdi”. Toyun dəyərini bununla ölçürlər. Halbuki toyun dəyəri xoşbəxtlikdir.

Beləliklə, düşünürəm ki, bu cəmiyyətdə maarifçiliklə nələrisə dəyişmək mümkün deyil. Artıq inzibati məsələləri qabartmalıyıq ki, “bu olar, ya olmaz””.