Toylarla bağlı qızıla tələbat azalıb – Bazarda durğunluq yaşanırbackend

Pandemiyanın vurduğu sahələr arasında qızıl və ziynət əşyaları bazarı da var. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il bazarın alqı-satqı qiymətlərində durğunluq, hətta 10-12%-ə dək ucuzlaşma müşahidə edilir.

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Azər Balamedov zərgərlik məmulatları bazarının hazırki vəziyyətini belə izah edib:

“Qızıl və ziynət əşyalarının qiymətində azalma müşahidə olunur. Bu azalma elə də çox deyil. Aydın məsələdir ki, pandemiyadan əvvəl toylara görə zərgərlik məmulatları bazarına müştəri axını daha çox idi. Hazırda isə toy bazarı dayanıb. Buna baxmayaraq, kifayət qədər nikah qeydiyyatına alınan şəxslər var. Bu, qızıl və ziynət əşyalarına az da olsa tələbatın olmasına səbəb olur.”

Ekspert pandemiya dövrü olmasına baxmayaraq, hələ də əhalinin əksəriyyətinin qızılı ehtiyyat rezervi kimi alıb saxladığını bildirib:

“Qızılı ehtiyyat rezervləri kimi alanlar da var. Bəzi insanlar gələcək təminatı üçün hələ də zərgərlik məmulatları alır. Bununla da, hər hansı neqativ situasiya zamanı sosial problemlərdən sığortalanırlar. Bu, zərgərlik məmulatları bazarına tələbatın azalmasının qarşısını alır. Araşdırmalar göstərir ki, insanlar pulu manat, ya da dollar şəklində saxlmaqla yanaşı, qızıl sikkə və külçə formasında da saxlamağa üstünlük verirlər.”