Trend İnformasiya Agentliyinin 26 yaşı tamam olurbackend
Bu gün, sentyabrın 1-də Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) 26 yaşı tamam olur.
Trend BİA 1995-ci ildə fəaliyyətə başlayıb. Trend bu illər ərzində dövlət və xalq qarşısında öz məsuliyyətini başa düşən jurnalistləri sıralarında birləşdirir. Əsrin dörddə biri müddəti qədər fəaliyyətində Trend regional media məkanının lideri oldu. Kiçik özəl agentlik müştərilərinə kağız bülletenlərin çatdırılmasından dünyadakı analoqlarından geri qalmayan, bir çox dünya mediasının həsəd apara biləcəyi öz rəqəmsal platformasına sıçrayış edib.
Trend BİA-nın nailiyyətlərindən biri də Türkiyə, İran, Gürcüstan və Orta Asiya ölkələrinin media məkanında rəqabət səviyyəsində işləməsidir. 2010-cu ildə “Moody’s International” Trend-in beynəlxalq səviyyəli idarəçiliyi olan şirkət qismində statusunu təsdiq etdikdən sonra agentlik nüfuzlu məlumat bazalarına çıxış əldə etdi və bunun nəticəsi olaraq bu gün agentliyin yüzlərlə xəbəri transmilli mediada təkrar dərc olunur.
Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər istehsalçılarından hesab olunan agentliyin məlumatları Azərbaycan, rus, ingilis, türk və fars dillərində yayımlanır. Qərəzsiz informasiya siyasəti yürüdən agentlik işini beynəlxalq tələblərə uyğun qurub.
Trend BİA Avropanın ən nüfuzlu media resursları reytinqində (Top 10 European News Websites To Follow in 2020) “EU Reporter” və “Euractiv” kimi Avropa nəhənglərini qabaqlayaraq üçüncü yerdə qərarlaşıb.
Trend qlobal informasiya məkanında inkişafa doğru beynəlxalq strategiyasını həyata keçirməyə də davam edir. Trend-in törəmə layihələri olan fransızdilli “lagazetteaz.fr” internet-qəzeti Parisdə, almandilli “dasfazit.at” isə Vyanada fəaliyyət göstərir.
Trend BİA son bir ildə növbəti uğurlara imza atıb. Belə ki, Trend Beynəlxalq İnformasiya Agentliyi Türkiyənin Albayrak Media Qrupu ilə birgə türkdilli dövlətlərin xəbərlərini özündə birləşdirən ilk Türk rəqəmsal media platforması olan “Türk Dünyası” (www.turkic.world) layihəsini reallaşdırıb və bu gün bu platforma 5 dildə fəaliyyət göstərir.
Bununla yanaşı Trend BİA 100 illik tarixi ilə böyük nüfuz və geniş auditoriya qazanmış Rusiyanın TASS agentliyi ilə tərəfdaşlıqda “Eastweststream.com” media-platformasını ərsəyə gətirib və hazırda platforma uğurla fəaliyyət göstərir.
“Yeni Gündəm” kollektivi adından həmkarlarımızı təbrik edir, yeni-yeni uğurlar arzu edirik.