Türk lirəsinin kəskin dəyər itirməsinin səbəbi nədir?backend

Qardaş Türkiyə ağır pandemiya ili olan 2020-ci ili cüzi də olsa iqtisadi artımla başa vuran tək-tək ölkələrdəndir. Lakin 2021-ci il başlanandan ölkə iqtisadiyyatında, xüsusilə də maliyyə bazarlarında ciddi təlatümlər yaşanmaqdadır. Ötən həftə Prezident Rəcəb Tayib Ərdoğan Mərkəzi Bankın rəhbərini vəzifəsindən azad etdikdən sonra bu həftə ölkənin milli valyutası olan lirə üçün ciddi məzənnə itkisi ilə başlayıb. Bu gün səhərdən dünya maliyyə və foreks bazarları açıldıqda türk lirəsi 7.20 səviyyəsindən 8.40 səviyyəsinə qədər yüksəlib.

İqtisadçı-ekspert Elman Sadiqov deyib ki, bazarda 1 lirə 20 quruşluq bir qəp yarandı (bağlanış və açılış arasında yaranan boşluq texniki analitizlərdə qəp adlanır. Gün və ya həftə ərzində bu qəpin müəyyən hissəsinin bağlanma ehtimalı yüksək olsa da (yəni türk lirəsi itirdiyi mövqelərin bir hissəsini bərpa etsə və ya etməyə çalışsa da) dolların yenə də orta və uzun müddət üçün 8.40 səviyyəsini aşacağı ehtimalı yüksəkdir).

Bəs bu kəskin sıçrayış xarakterli artım niyə baş verdi?

Ekspertin fikrincə, bunun bir neçə mühüm səbəbi var:

“Əvvəla, cümə günü Türkiyə Mərkəzi Bankının sədri Naci Ağbal vəzifəsindən azad edildi. Cümə günü gün bağlandığı üçün bazarlar reaksiyalarını ilk açılışda (bu gün) verdilər. Türkiyə Cumhuriyyəti tarixində ilk dəfə olaraq 20 ay ərzində Mərkəz Bankının Sədri 4 dəfə dəyişdirildi. Bazarlar bu qədər dəyişiklik və sabitsizliyi həzm etməkdə çətinlik çəkir və çəkəcəklər.

Türkiyə Mərkəzi Bankının sədri AKP-li keçmiş millət vəkili professor Şahap Kavcıoğlu təyin olundu. Türkiyə Prezidenti və AKP-nin faizlə bağlı mövqeyi məlum olduğu üçün AKP-yə yaxın bir professorun Mərkəz Bankının sədri təyin olunmasını bazarlar pessimist ruhda qarşıladı. Bazarlarda faizlərin düşürülmə cəhdləri və ya türk lirəsinin qeyri-iqtisadi, adiministrativ yollarla tənzimlənəcəyi ehtimalı artdı”.

E.Sadiqov bildirir ki, hazırda dünya özünün həssas dövrünü yaşayır:

“Türkiyə də hazırda bir çox siyasi manevrlər etməkdədir. Əvvəl də burada riskin olduğunu bildirmişdim. Çünki bazarlarda ABŞ-Türkiyə münasibətlərinin necə inkişaf edəcəyi ilə bağlı qeyri-müəyyənlik var. Bu da türk lirəsini qoruyan və lirəyə qarşı olan təzyiqləri azaldan amillərdən biri kimi qiymətləndirilirdi. Bazarlar bir gözləmə mövqeyi nümayiş etdirirdi. ABŞ və Rusiya prezidentlərinin polemikasına Türkiyə Prezidentinin məlum münasibəti bazarlardakı gözləmə və neytral mövqelərin bir hissəsini neqativə doğru yönləndirdi. Digər tərəfdən, iqtisadiyyatın qan-damar sistemini dərk etmək monetar siyasəti incəliyinə qədər dərk etmək tələb edir. Bu qanunlardan biri də “yüksək faiz nəticədir, səbəb deyil” prinsipidir. Yəni əgər bank sistemində yüksək kredit faizləri varsa bunun səbəbləri və kökləri var. Bu səbəb və kökləri düzgün diaqnoz, müayinə və müalicə ilə həll etmək daha vacibdir, nəinki bu səbəbləri tapmadan və ya həll etmədən faizləri aşağı salmağa çalışmaq. Haşiyə çıxaraq qeyd edim ki, ölkəmizdə də bank sistemindəki faizlərdən danışılarkən bütün çıxış və müsahibələrimdə faizin nəticə olduğunu və faizi aşağı salmaq üçün yüksək faizi doğuran məsələləri həll etməyin vacibliyini dəfələrlə vurğulamaqda məqsədim yanlış diaqnoz və müayinənin daha ciddi fəsadlarının olacağını çatdırmaq idi. Qardaş ölkə Türkiyə hazırda bunu yaşamaqdadır. Təcrübə göstərir ki, siyasət və iqtisadiyyat arasındakı əlaqə necədir sualına düzgün cavab tapan ölkələr həmişə rifaha qovuşublar. Müxtəlif ölkələrin iqtisadi inkişaf yolları məndə belə bir fikir formalaşdırmışdı və bu fikri bir neçə dəfə təkrar etmişəm: siyasət iqtisadiyyata xidmət etməlidir, iqtisadiyyat siyasətə deyil. İkinci hal olduqda iqtisadiyyat ağır bədəl ödəyir”.

Ekspertin sözlərinə görə, Türkiyənin iqtisadiyyatı əslində belə bir vəziyyətə (pandemiyanın təsirləri başqa bir mövzudur) əlbəttə, layiq deyil və hamımız güclü Türkiyə iqtisadiyyatını ürəkdən arzu edirik:

“Lakin nə qədər güclü iqtisadiyyat olursa-olsun, ya monetar, ya fiskal, ya da proteksionist siyasətlərdə bir-iki ciddi səhv ağır nəticələr doğurur. Təəssüf ki, bir çox dünya ölkələrində ciddi böhranlara səbəb olan məşhur səhvə Türkiyə də öz monetar siyasətində yol verdi. Amma inanıram ki, vəziyyət o qədər də faciəvi deyil. Türkiyə iqtisadiyyatı şaxələnmiş iqtisadiyyatdır. İnvestisiya cəlbi üçün kanalları və rıçaqları çoxdur. Türkiyənin yanında olan güclü iqtisadi qüvvələr də mövcuddur ki, onların da mövcud vəziyyətdə müdaxiləsi ehtimalı yüksəkdir. Hər bir halda, iqtisadiyyat, bazar çox güclü və qəddardır. Səhvə görə bədəl ödədir. Türkiyənin isə uzun illər ərzində qurduğu iqtisadiyyatı bu hesabı ödəyərək yenidən ən güclü iqtisadiyyatlar sırasına qayıda biləcək. Güclü Türkiyə və güclü Türkiyə iqtisadiyyatı hər birimizin arzusudur”.