Türkiyə-Azərbaycan birliyi bölgəyə sülh və sabitlik gətirirbackend

Rəşadətli Ordumuz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir tarix yazdı. Apardığımız Vətən müharibəsində qələbə qazandıq. Bu günlər həm də Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinin yeni salnaməsi kimi tarixə həkk olundu.

Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanın haqq davasında öz dəstəyini əsirgəmədi. Dağlıq Qarabağ münaqişəsində tarixi, hüquqi, mənəvi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Dünyadakı gücü, təsir imkanları ilə Azərbaycanı ermənilərin havadarlarından qorudu. Torpaqlarımızı da özlərinin hünəri hesabına deyil, məhz havadarlarının əli ilə zəbt etmiş erməni işğalçılarının bu dəfə döyüş meydanında qəhrəman Azərbaycan əsgəri ilə üz-üzə qalmasına şərait yaratdı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu ölkənin ən yüksək mənsəbli dövlət rəsmiləri, millət vəkilləri, cəmiyyətin nüfuzlu simaları Azərbaycanın yanında olduqlarını bütün dünyaya açıq şəkildə çatdırdılar. Xalqımıza qarşı kənar təhdidləri uzaqlaşdırdılar. Türkiyə vətəndaşları Azərbaycanın haqq davasını bütün beynəlxalq aləmə çəkinmədən bəyan etdilər.

Vətən müharibəsinin gedişində Türkiyə həmişə qardaşı Azərbaycanın yanında oldu, Qarabağ problemini öz problemi hesab etdi. Təcavüzkar Ermənistanın havadarlarının təzyiqləri ilə qarşılaşan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qətiyyətlə bildirirdi ki, onun ölkəsi ədalətin, haqq işinin tərəfindədir və ona görə də Azərbaycanı dəstəkləməkdə davam edəcək. O, xəbərdarlıq edirdi ki, Ankara Ermənistan-Azərbaycan müharibəsinə üçüncü tərəfin qarışmasına dözməyib hadisələrin gedişinə dərhal müdaxilə edəcək.

Bu gün Türkiyə Azərbaycanın qələbəsindən sonra ərazidə sülhün qorunması prosesində də yaxından iştirak edir. Bildiyimiz kimi, Türkiyə artıq tam rəsmi qaydada atəşkəsə nəzarət etmək işində Rusiya ilə birgə həlledici rol oynayır. Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Birgə Monitorinq Mərkəzinin fəaliyyəti təkcə Qarabağda deyil, ümumilikdə Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olunması, eləcə də region ölkələri arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşması baxımından böyük əhəmiyyət kəsb edir. Bu mərkəzin fəaliyyəti ilə digər qüvvələrin bölgədə tərəf olmaq cəhdləri aradan qaldırılmış oldu. Düşünürəm ki, qardaş Türkiyənin təmsilçilərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə xidmətə başlamasını ölkəmizin regionda yaratdığı yeni geosiyasi reallıqların daha bir uğurlu nəticəsi kimi göstərmək olar. Eləcə də regionda gələcək əməkdaşlıq perspektivləri baxımından Türkiyə və Rusiyanın birgə fəaliyyətləri geniş imkanlar yaradır.

Onu da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, eləcə də, iqtisadi inkişaf prosesinə Azərbaycanla dost olan ölkələrin şirkətlərinin cəlb edilməsi mühüm uğurlar vəd edir. Artıq Türkiyə şirkətləri ilə müqavilələr imzalanıb və bu şirkətlər işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayıb. Bu barədə keçirdiyi mətbuat konfransında ətraflı danışan cənab Prezident İlham Əliyev bildirdi ki, görüləcək işlərin həcmi çox böyükdür və yenidənqurma prosesinə cəlb olunacaq ölkələr arasında da Türkiyənin xüsusi rolu var.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı