Türkiyə media nümayəndələri Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasında – FOTOLARbackend

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllinin dəvəti ilə Azərbaycanda səfərdə olan İstanbul TV, radio, qəzet, internet xəbər federasiyası (qısa adı İstanbul Medya ) başqanı Ali Rıza Yıldız, İstanbul Cəkməköy Esnaf və Sənətkarlar dərnəyinin başqanı, Yurtta Haber internet saytının sahibi,  İstanbul Medya başqan müavini Gökhan Balcı bu gün Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının ofisində olmuş, millət vəkili Əziz Ələkbərli ilə görüşmüşlər.

“Yeni Gündəm” xəbər verir ki, qonaqları salamlayan millət vəkili onların 27 sentyabr ərəfəsində Bakıya səfər etmələrinin xüsusi məna daşıdığını, Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsi olduğunu bildirmişdir. Daha sonra o, qonaqlara Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması haqqında ətraflı məlumat vermişdir. Qonaqlar səmimi qəbul üçün təşəkkür etmiş, Cəmiyyətin, İcmanın və millət vəkili Əziz Ələkbərlinin fəaliyyətini izlədiklərini və Bakıya gəlişlərində onunla və İcma nümayəndələri ilə görüşmək qərarına gəldiklərini bildirmişlər. Tərəflər gələcəkdə daha sıx əməkdaşlıq etmək qərarına gəlmişlər.

İSBAM sədri Samir Adıgözəlli qonaqların səfər qrafiki haqqında məlumat vermiş, onların 27 sentyabrda Qarabağ bölgəsinə gedəcəkləri barədə məlumat vermişdir.

Qonaqlar millət vəkili Əziz Ələkbərliyə Ulu Öndər Heydər Əliyevin və Qazi Mustafa Kamal Atatürkün Azərbaycan-Türkiyə qardaşlığı haqqındakı müdrik sözləri həkk olunmuş plaket hədiyyə etmişlər. Millət vəkili Əziz Ələkbərli isə qonaqlara müəllifi olduğu “Türk mənşəli erməni soyadları” kitabını hədiyyə etmişdir. Sonda xatirə şəkilləri çəkdirmişlər.

Tədbirdə İSBAM sədri Samir Adıgözəlli, İSBAM rəsmiləri və Qərbi Azərbaycan İcmasının sədr müavinləri Həqiqət Hacıyeva, Abduləli Həsənov, Fəxrəddin Nəbiyev iştirak etmişlər.