Türkiyə parlamentində Süleyman Soyluya görə əlbəyaxa dava – Videobackend

Türkiyə Böyük Millət Məclisində (TBMM) 2022-ci ilin büdcə müzakirələri zamanı millət vəkilləri arasında əlbəyaxa dava düşüb.

“Yeni Gündəm” xəbər verir ki, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Bursadan olan millət vəkili Erkan Aydın çıxış edən zaman “Daxili işlər naziri, Sezgin Baran Korkmazın təyyarəsinə niyə minmisiniz? Fotolarınız yayılıb, başqa təyyarə yox idi dediniz. Prezidentə deyəydiniz” – deyə söyləyib.

Türkiyə daxili işlər naziri Süleyman Soylunun sözügedən fotosu

Bunun ardınca, daxili işlər naziri Süleyman Soylu Aydına “Yalan deyirsən” deyə xitab edib.

Sözlü mübahisənin ardından millət vəkilləri əlbəyaxa dava etməyə başlayıb.

Dava səbəbindən iclasda fasilə elan edilib və bir müddətdən sonra yenidən başlayıb.

Qeyd edək ki, Sezgin Baran Korkmaz türkiyəli iş adamı və sahibkardır. O, çirkli pulların yuyulması ittihamı ilə İstanbul Baş Prokurorluğu tərəfindən axtarışa verilib. Onun şirkətləri və Türkiyədəki bütün var-dövləti məhkəmə tərəfindən müsadirə edilib. 2020-ci ilin dekabrında həyat yoldaşı Gökçen Korkmazla birlikdə Türkiyəni tərk edərək İseçrədə məskunlaşıb.

Mafiya rəhbəri Sedat Pekerin 2021-ci ildə irəli sürdüyü iddiaya görə, Türkiyənin daxili işlər naziri Süleyman Soylu Korkmazı istintaqla bağlı öncədən məlumatlandıraraq onun xaricə qaçmasına icazə verib.

2021-ci il mayın 2-də ona qarşı açılan istintaq başa çatıb və barəsində “əmlakın dəyərinin saxtalaşdırılması” maddəsi ilə 7 il 6 aya qədər həbs cəzası istənilib.“Hürriyət”