Türkiyənin Energetika Nazirliyi Rusiya ilə “qaz qovşağı”nın tikintisini müzakirə etmək üçün martın 22-də İstanbulda keçirilməsi planlaşdırılan görüşün keçirilməyəcəyini açıqlayıb.
“Yeni Gundem” xəbər verir ki,bu barədə məlumatı RİA Novosti yayıb .
“Xeyr, martın 22-də konfrans keçirilməyəcək, yeni tarix təyin edilməyib”, – agentlik öz mənbəsinə istinadən bildirib.
Tədbir əvvəllər fevralın 14-nə planlaşdırılsa da, zəlzələlər səbəbindən martın 22-nə keçirilib. Bu dəfə qeyri-müəyyən müddətə təxirə salınıb.
İclasın təxirə salınması Türkiyədə baş verən dağıdıcı zəlzələlər və bunun nəticəsində yaranan maliyyə problemləri ilə bağlıdır. İndi Türkiyə bu layihənin maliyyələşdirilməsini Rusiyaya həvalə edir.
Bu barədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan danışıb.
“Türkiyədə zəlzələlərdən sonra çox şey dəyişdi. Prioritetlər dəyişdi. İndi onu tikməyə pulumuz yoxdur. Rusiyada pul varsa zəhmət olmasa hab tikməyə başlayın. Hər şey investisiyalardan asılıdır”, – deyə Erhon bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə əməkdaşlıq çərçivəsində “qaz qovşağı”nın açılmasını təklif edib. Bununla da Rusiya qazını Türkiyə vasitəsilə Avropaya ixrac etməyi planlaşdırırdı.
Türkiyə qazla bağlı təklifə müsbət cavab verib və iki ölkə liderləri işin başlanması üçün müvafiq qurumlara tapşırıqlar verib. Lakin Avropa bu təklifi həvəssiz qarşıladı. Qərb KİV-ləri Rusiya qazının Avropaya idxalı üçün infrastrukturun yaradılmasının “heç bir mənası olmadığını” yazıb. Avropa Komissiyası xatırladıb ki, Avropa İttifaqı Rusiya qazından asılılığı azaltmağa çalışır.
Fərahim Rəhimov