Türkiyənin Baş Ombudsmanı: “Raketlərlə mülki şəhərləri vuran Ermənistan mütləq cəzalanmalıdır”backend

“Azərbaycana səfərimizin məqsədi azad olunmuş ərazilərdə mədəni abidələrin araşdırılması, həmin ərazilərdəki minalarla bağlı vəziyyətə baxış keçirməkdir”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, keçən il müharibə vaxtı Azərbaycana səfər zamanı Gəncə, Ağdam, Mingəçevir və Tərtərdəki vəziyyətlə tanış olublar: “Ermənistandan atılan raketlər nəticəsində həyatını itirən azərbaycanlı qardaşlarımızın məzarlarını ziyarət edib, yaxınları ilə görüşdük. İƏT olaraq hesabat hazırladıq. Bu hesabatı Türkiyə və Azərbaycanda müvafiq qurumlara təqdim etdik. Həmçinin BMT-yə və Beynəlxalq İnsan Haqları Məhkəməsinə göndərdik”.

O qeyd edib ki, müharibənin olmasını heç kim istəmir: “Amma dünya qurulandan bəri müharibələr olur. Müharibənin də öz qayda və hüquqları var. Müharibə zonasından kənarda raketlərlə şəhərlərin vurulmasından söhbət gedə bilməz. Bu, cinayətdir və bu cinayəti törədən Ermənistan rəsmiləri mütləq cəzalanmalıdır. Onlar bu əməllərinə görə cavab verməlidir ki, belə hadisələr təkrarlanmasın”.