Türkiyənin Bursa şəhərində Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans başa çatıbbackend

 

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransın bağlanış mərasimi keçirilib.

YeniGündəm xəbər verir ki, şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfransın bağlanış mərasimində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynov, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Bursanın Yıldırım rayon bələdiyyəsinin sədr müavini Yaşar Elmas və başqaları çıxış ediblər.
Diqqətə çatdırılıb ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və fəaliyyətini əks etdirən tədqiqatlar, əsərlərinin müxtəlif dillə tərcüməsi və nəşri, böyük mütəfəkkirin fəlsəfi düşüncəsinin dünya xalqlarına çatdırılması milli vəzifədir. Bu sahədə işlər təxirəsalınmadan davam etməlidir.
Məlumat verilib ki, dünyanın altı ölkəsini təmsil edən yetmişdən çox nümayəndənin, o cümlədən görkəmli ədəbiyyatçıların və Nizamişünas tədqiqatçıların iştirakı ilə keçirilən konfransda iyirmidən çox məruzə və çıxış dinlənilib. Diqqətə çatdırılıb ki, konfrans çərçivəsində panellər keçirilməklə bərabər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Nizami Gəncəvinin əsərlərinə həsr edilən rəsm əsərləri, o cümlədən Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilində nəşr olunmuş Nizami Gəncəvinin külliyyatı, eləcə də Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatının Nizami Gəncəvinin kitabları daxil olmaqla nəşrləri, həmçinin TÜRKSOY-un nəşrləri sərgilənib.
Bağlanış mərasimindəki çıxışlarda həmçinin 44 günlük Vətən müharibəsinin rəşadətindən və qazanılmış qələbədən böyük iftixarla danışılıb.
Mərasimdə iştirak edən Elmir Nəsirov Bursadakı “Romatem” reabilitasiya mərkəzində müalicə olunan Fizuli və Xocavəndin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək yaralanan oğlu Elmar Nəsirovun şanlı qələbənin qazanılmasında iştirakından iftixarla danışıb. Döyüşçü igid Elmar Nəsirovun sağlamlığının bərpa olunması üçün göstərilən qayğıya görə, Müzəffər Ali Baş komandan İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya səmimi təşəkkürlərini ifadə edən qazi atası “Biz qalib xalqıq. Hamılıqla bu rəşadəti ölkəmizə bəxş edən şəhid və qazilərimizə borcluyuq. Azərbaycan dövləti və xalqı hər zaman qəhrəman övladlarını uca tutacaq. Qələbəmiz əbədidir!”,-deyə fikirlərini bölüşüb.
Azərbaycan və Türkiyə başda olmaqla türk dünyasının təmsil edən konfrans iştirakçıları, görkəmli alimlər qazi atasının duyğusal ifadələrini həmrəylik alqışları ilə qarşılayıblar.
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransın bəyannaməsi elan olunub.
Konfransa bədii proqramla yekun vurulub.