“Türkmənistan hökuməti Transxəzər kəmərini tikmək qərarına gələrsə, onları dəstəkləyəcəyik”backend

“Transxəzər layihəsi uzun illərdir ki, müzakirə olunur”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu məsələnin 15 ildir müzakirə olunduğunu xatırlayır: “Amma praktiki nöqteyi-nəzərdən heç bir addım atılmayıb. Biz Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı təşəbbüs irəli sürdükdə aparıcı rolu öz üzərimizə götürdük, biz komanda yaratdıq, xarici dövlətlərlə, istehlakçılarla, şirkətlərlə danışıqlar apardıq. Biz, həmçinin əsas investor idik. Bakıdan Ceyhana qədər kəmərin tikintisi zamanı da belə oldu. Onu demək istəyirəm ki, bu layihənin təşəbbüskarı tranzit ölkələr deyil, resursların sahibləridir. Tranzit ölkələr yalnız dəstək verə, ərazi təmin edə və ya ortaq sərmayədar, yaxud tranzit haqlarını qəbul edənlər ola bilərlər. Başqa sözlə desək, Transxəzər kəməri Azərbaycanın layihəsi deyil. Bizim neft və qaz layihələrimizə gəldikdə isə onların hamısı icra olunmuşdur. Biz indi elektrik enerjisinin Avropaya ixraci ilə bağlı layihəni icra edirik. Ancaq Transxəzər layihəsi isə Türkmənistanın resurslarına əsaslanır. Ona görə də əgər Türkmənistan hökuməti Transxəzər kəmərini tikmək qərarına gələrsə, bu, onların qərarı olacaq. Əgər onlar belə bir qərar verərlərsə, əlbəttə ki, biz onları dəstəkləyəcəyik. Ancaq burada biz təşəbbüskar olmayacağıq”.