Üç polisin qətlinə görə bu qurumlardan həbslər ola bilər – Əmlak Xidmətinin və Şəhərsalma və Arxitektura Komitəsinin adı hallanırbackend

Şüvəlanda 3 polisin və 1 mülki vətəndaşın güllələnməsi ilə nəticələnən dəhşətli cinayətin yeni təfərrüatları üzə çıxıb.

Qatilin ayrı-ayrı vətəndaşlara ümumilikdə, 1.5 milyon manat borcu olduğu bildirilirdi. Gununsesi.info-nun yeni araşdırması  zamanı isə məlum olub ki, Rövşən Allahverdiyev ayrı-ayrı şəxslərdən aldığı həmin pulları müxtəlif dövlət orqanlarına rüşvət kimi verib.

Rövşən Allahverdiyevin aldığı  pullar  torpaq sahələrinin sənədləşdirilməsi, torpaq sahələri üzərində tikintiyə icazə alınması üçün İqtisadiyyat Nazirliyi Yanında Dövlət Əmlak Xidmətinin və Şəhərsalma və Arxitektura Komitəsinin vəzifəli şəxslərinə verilib.

Rövşən Allahverdiyev isə bu prosesdə vasitəçi rolunu oynayıb.

Ancaq prosesin  aylarla uzanması həmin şəxslərin Rövşən Allahverdiyevdən şikayətlərlə səbəb olub.

Bildirilir ki, Rövşən Allahverdiyevin ən çox süründürməçiliklə üzləşdiyi qurum Şəhərsalma və Arxitektura Komitəsi olub.

Hər dəfə məsələnin həlli ilə maraqlanan Allahverdiyevə “bütün əməkdaşlarımız Qarabağda işləyir, ona görə gecikir” kimi cavablar verilib.

Pulların konkret vəzifəli məmurlara verdiyini və həllini tapacağına dair vədlər aldığını desə də şikayətçilər geri çəkilməyib.

Artıq ehtimal etmək olar ki, istintaq bu dəhşətli cinayətin əsl səbəbini araşdıracaq və adıçəkilən qurumlardan çox adam məsuliyyətə cəlb olunacaq.

Dəhşətli olayla bağlı redaksiyamıza daxil olan daha bir məlumatda isə deyilir ki, Rövşən Allahberdiyev polisləri və digər vətəndaşı güllələyəndən sonra özünü də vurub.

Əlavə polis qüvvələrinin hadisə yerinə çatması zamanı onun da öldüyü məlum olub.