Ucar “Aqroservis” ASC əməkdaşlarının intihara sürüklədiyi AİLƏLƏR PREZİDENTƏ SƏSLƏNDİ – ŞİKAYƏTbackend

İddiaya görə, “Aqroservis” ASC-nin yüksək vəzifəli əməkdaşı Aqşin Balabəyov, Ucar “Aqroservis” ASC-nin direktoru Nadir Rzayev və Texniki Nəzarət müfəttişi Ağaisa Əliyev iki ailəni aclığa məhkum ediblər.

Bu barədə KAİM.az-a Ucar rayonu Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Həmidov Elnur Maqsud oğlu tərəfindən məlumat verilib.

Məlumatı olduğu kimi təqdim edirik:

“Biz hər ikimiz traktor sürücüləriyik. Ucar “Aqroservis”dən qanuni qaydada SAMPO markalı kombaynı və 1221 Belarus markalı traktoru lizinq yolu ilə müqavilə əsasında götürüb, işlədib, ailəmizi dolandırırdıq. Pul ödənişlərini də vaxtlı-vaxtında etmişik.

Taxıl biçini yekunlaşandan sonra kombaynı həmişəki kimi Ucar Aqrolizinqin qarajında saxladıq. Artıq şum əkin işləri başladığı üçün adıma müqavilə ilə olan 1221 Belarus markalı traktoru qarajdan götürmək istədikdə buna direktor Nadir Rzayev icazə vermədi və “səbəbini baş idarə bilir” dedi. Buna görə “Aqroservis” ASC-nin məsul vəzifəli əməkdaşı Aqşin Balabəyli ilə əlaqə yaratdıqda bizə dedi ki, problem yaradan şəxslərə texnika verilmir. Biz hansı problemi yaratdığımızı soruşduqda bildirdi ki, bu il Ucar rayonunda yox, başqa rayonda taxıl biçimində iştirak etmisiniz və bu qanuna ziddir.

Biz ona bildirdik ki, bu il Ucar rayonunun Alpout, Rəctəcə, Kirovkənd, Bərgüşad və Qulabənd kəndlərində taxıl biçinində iştirak etdikdən sonra Ucar Aqroservisin direktoru Nadir Rzayevdən razılıq alıb Oğuz rayonuna getmişik. Lakin, Ucar Kənd Təsərrüfatı Texnikalarının texniki müfəttişi Ağaisa Əliyev nazirliyin əməkdaşlarına yalandan məlumat verib bildirib ki, guya biz kombaynı oğurlayıb Oğuz rayonunda işlədirik. Ancaq bizim kombaynı qanuni müqavilə əsasında işlətdiyimizi təsdiq edən sənədlərimiz var.

70 yaşı olan Ağaisa Əliyev həyatının böyük hissəsini saxtakarlığa həsr edib. Onun oğlu sağlam olsa da hərbi xidmətdən saxta sənədlərlə yayınmışdır. Texnikalara heç bir baxış keçirmədən pul alıb yararlı olmasına dair saxta sənədlər verir. Lizinq yolu ilə götürülmüş texnikaların ehtiyat hissələrini öz pulumuzla alıb təmir etdiririk. Ancaq sənədlərdə bunun Aqroservis tərəfindən edilməsi yazılaraq dövlətin ayırdığı pullar talan edilir.

“Aqroservis” ASC-nin yüksək vəzifəli əməkdaşı Aqşin Balabəyovun , Ucar Aqroservisin direktoru Nadir Rzayevin və Texniki Nəzarət müfəttişi Ağaisa Əliyevin qanuna zidd hərəkətləri, korrupsiya əməlləri nəticəsində iki ailə aclıqdan məhv olacaq. Hər birimizin himayəsində 5 nəfərlik ailə üzvlərimiz var. Yeganə gəlirimiz traktorla işləyib qazandığımız pul idi. Bizə qarşı qanunsuzluq edilib deyə ailəliklə aclığa məhkum olmuşuq.

Qeyd edək ki, Ucar Aqroservisə məxsus 3 ədəd kombaynın bu il başqa rayonlarda taxıl biçinində işləmələrinə baxmayaraq vəzifəli şəxslərə aylıq haqq verdiklərinə görə nəzərə alınmırlar.

Ucar Aqroservisin direktoru Nadir Rzayevin fəaliyyəti yoxlanılarsa korrupsiya əməlləri ilə məşğul olması sübut olunacaq. Buna görə Ucar Aqroservisin giriş-çıxış kitabı, lizinq müqavilələri və ödənişlər yoxlanılmalıdır. Bir neçə il lizinq ödənişlərini etməyən şəxslər var ki, Nadir Rzayev onlara şərait yaradıb deyə kombayn və traktorları rahat idarə edirlər. Hətta onların arasında mülki işi məhkəmədə olanlarda var. Belə korrupsiya yolları ilə dövlətə külli miqdarda zərər vuran Nadir Rzayev kapital toplayır.

Nadir Rzayev bu şikayətin müəlliflərindən biri olan Həmidov Elnur Maqsud oğlunun şəxsiyyət və sürücülük vəsiqəsindən istifadə edərək onun adından müqavilə imzalayıb və texnikanı başqa şəxsin istifadəsinə vermişdir.

Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova və “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri cənab Elmin Rəhmanova müraciət edib xahiş edirik ki, şikayətimizi araşdıraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən “Aqroservis” ASC-nin yüksək vəzifəli əməkdaşı Aqşin Balabəyovun, Ucar Aqroservisin direktoru Nadir Rzayevin və Texniki Nəzarət müfəttişi Ağaisa Əliyevin barəsində tədbirlər görəsiniz. Əks halda biz aclıq aksiyası vasitəsilə intihar edəcəyik.”

İddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

KAİM.az