Uğurlu müstəqil siyasətbackend

İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli işləriylə sübut etdi. İmzaladığı fərman və sərəncamlarla, praqmatik qərarlarla, həyata keçirdiyi islahatlarla ölkəmizin dinamik inkişafını, çiçəklənməsini tərəqqisini təmin edən İlham Əliyev ağıllı, yaradıcı, qurucu dövlət xadimi olduğunu bir daha nümayiş etdirdi.

Ölkədə sabitliyi, dinamik inkişafı təmin etmək üçün, ilk növbədə, vətəndaş həmrəyliyi, qarşılıqlı münasibətləri normallaşdıran, cəmiyyətdə sağlam iqlim yaradan Prezident insanlar arasında dövlətə, dövlətçiliyə inam, etibar hissini yaratdı. İnsanlarda öz ölkəsini sevmək, onun uğrunda döyüşmək, onunla qürur duymaq, Vətənin sərhədlərini göz bəbəyi kimi qorumaq hissi, duyğusu yaratdı. Bu, İlham Əliyevin ən parlaq qələbəsi idi. Çünki qazanılan bütün qələbələrin başında sabaha, gələcəyə inam hissi dayanırdı.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu davam etdirməklə həm də Ulu Öndər Heydər Əliyevin məqsədyönlü xarici siyasət kursunun davam etdiyini göstərdi. Qətiyyətli və prinsipial siyasət yürüdən Prezident xarici siyasətdə vətənpərvərlik, təşəbbüskarlıq, müasir dünya siyasətinin incəliklərinə bələd olduğunu nümayiş etdirərək, həm də bacarıqlı, istedadlı, mahir diplomat olduğunu bir daha sübut etdi.

İşğalçı Ermənistanın yalan, iftira, şər-şəbədə dolu hay-küylü siyasətini əməli işlərlə puça çıxaran Prezident İlham Əliyev dünyanın ən yüksək, mötəbər tribunalarından xalqının haqq səsini bəyan etdi.

Dövlət başçısı inkişaf tempi ilə dünyanı heyrətdə qoyan, Avropanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı şəhərindəki işgüzar atmosferi regionlara köçürdü. Respublikanın rayonlarına ardıcıl səfərləri, verdiyi sərəncamlar ölkəmizin hər bir guşəsini gözəllik diyarına çevirdi. Yeni yolların çəkilməsi, sosial obyektlərin istifadəyə verilməsi, parkların, xiyabanların salınması, məktəblərin, bağçaların öz qapılarını balalarımızın üzünə açması, yeni idman meydançalarının, olimpiya komplekslərinin gənclərimizin istifadəsinə verilməsi bu ağıllı, vətənpərvər dövlət xadiminin xalqa nə qədər yaxın, doğma, əziz olduğunun bariz nümunəsi idi.

Azərbaycanın əldə etdiyi nailiyyətləri inkişaf etməkdə olan ölkələrin əksəriyyəti bəlkə də heç 50 ildə qazana bilməyiblər. Onu da nəzərə almalıyıq ki, Azərbaycan bu uğurları torpaqlarının 20 faizi işğalda, bir milyon məcburi köçkünü olduğu zamanda əldə edib.

Bu da reallıqdır ki, məhz belə bir vəziyyətdə olan ölkə haqq səsini dünyaya yaymaq istəyərkən əvəzində ikili standartlar prinsipinə məruz qalırdı. Hər tərəfdən Azərbaycana təzyiqlər göstərilir, uydurma hesabatlarla ləkə yaxmağa çalışırdılar.

Ancaq  ölkənin müdrik rəhbəri Prezident İlham Əliyev bütün bu hücumların qarşısını qətiyyətlə alır, ən mötəbər beynəlxalq tribunalardan, kürsülərdən Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaqla prinsipial siyasəti, hücum diplomatiyası ilə bütün bunlara qalib gəldi. İqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatını getdikcə gücləndirdi. İlham Əliyevin qlobal təşəbbüsləri ilə ölkəmiz bir çox transmilli layihələrə qoşuldu. Getdikcə güclənən Azərbaycan etibarlı tərəfdaşa, Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. İlham Əliyevin müstəqil siyasəti Azərbaycanı beynəlxalq təşkilatların ən fəal üzvünə çevirdi.

Son illər ölkəmizdə görülən əzəmətli işlər, Azərbaycanın qısa müddət ərzində Qafqazın lider dövlətinə çevrilməsi, beynəlxalq nüfuzunun artması, dünya dövlətləri sırasında özünə layiqli yer tutması, ən nəhayət, 30 illik Qarabağ həsrətinə son qoyulması tarixi gerçəkliklərdir. Qazanılan bütün bu uğurlarda İlham Əliyev qətiyyətini xüsusi vurğulamaq lazımdır.

Yerləşdiyi regionda baş verən hadisələrin mürəkkəbliliyinə baxmayaraq ölkəmizin dinamik inkişaf yolu ilə dünyada qüdrətli ölkə kimi tanınması da düşünülmüş daxili və xarici siyasətin uğuru olmaqla, inkişafın Azərbaycan modelinin təbliğidir.

Xalqın iradəsini əks etdirən ölkədəki siyasi sabitlik, uğurla davam etdirilən mühüm əhəmiyyətli islahatlar, çoxşaxəli, müstəqil xarici siyasət sayəsində Azərbaycanın regionda, MDB-də, Avropada nümunə göstərilməsi Odlar Yurdunu gələcəyə inamla addımlayan respublika kimi tanıdır.

Düşünülmüş xarici siyasətimizin uğuru olan ölkədə sabitliyin təminatı  Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin nəzərdə tutulan cədvəl üzrə həllini də sürətləndirir .

Ölkədəki sabitlik  sayəsində respublika daxilində iqtisadi, sosial proseslər də  uğurla davam edir.

Nəsimi rayon sakini

Allahverdiyeva Əfsanə