Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdırbackend

Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycan dövlətinin qurucusudur,  bizim xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən  iki dövlət quruluşunda Azərbaycana rəhbərlik etmişdir. 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycan tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri kimi qalacaqdır. İki tamamilə fərqli bir ictimai-siyasi mühitdə Azərbaycan ən yüksək zirvələrə qalxa bilmişdir. ( İlham Əliyev)

1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı;

Sovetlər Birliyi  dövründə milli maraqların real siyasətdə  reallaşması 80-ci illərin sonunda  ölkədə milli hərəkatın  genişlənməsi  üçün zəmin hazırladı, 1991-ci ildə dövlət müstəqilliyimizin qazanılması üçün  baza formalaşdırıldı.  Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gələcəkdə Azərbaycanı  müstəqil dövlət kimi görmək istəyindən irəli gələn addımlarının miqyası geniş idi.  Azərbaycanlı gənclərin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədi ilə  böyük səyləri nəticəsində C. Naxçıvanski adına Hərbi Liseyi yaratması və s. Addımlar bu  məqsədə xidmət edirdi. Ən əsası ulu  öndər Heydər Əliyev hər bir ölkənin inkişafında əsas faktor olan iqtisadi tərəqqini  düşünərək, 1969-1982-ci illərdə uğurlu siyasəti ilə   ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən  bir diyara çevirdi. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılış mərasimindəki çıxışında həmin dövrü belə xarakterizə etmişdir: “Heydər Əliyev bütün dövrlərdə  öz xalqına sədaqətlə  xidmət etmişdir.  Onun xalq, dövlət qarşısında  misilsiz xidmətləri vardır.  O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və  Azərbaycanın inkişafına böyük səylər  qoymuşdur.  1970-1980-ci illərdə  onun rəhbərliyi altında  Azərbaycan Sovet İttifaqında ən geridə  qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında  o illərdə güclü sənaye potensialı  yaradılmışdır ki,  bu gün də  bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir”. Məhz həmin dövrdə qoyulan möhkəm təmələ əsaslanaraq bu fikir böyük inam və qətiyyətlə bildirilir ki,  ulu öndər Heydər Əliyevin fəaliyyəti  uzunmüddətli inkişafa hesablanmışdır. Onun təşəbbüsü ilə başlanmış layihələr, tikilmiş müəssisələr bu gün xalqımıza, dövlətimizə  xidmət göstərir, Azərbaycan dinamik iqtisadi inkişafı ilə  beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı illər də Azərbaycanın dirçəlişi, inkişafı dövrü kimi tarixmizə yazılıb. Sovetlər Birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxaran ümummilli lider Heydər Əliyev  1993-cü ildə  hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Ulu öndər Heydər Əliyev  müasir və müstəqil Azərbaycanın banisidir. Çünki   Azərbaycan 1991-ci ilin oktyabarında dövlət müstəqilliyini yenidən bərpa etsə də, müasir, müstəqil tariximiz 1993-cü ildən başlayır. 1993-2003-cü illərdə  dövlətçiliyimizin əsasları qoyulmuşdur. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi əsasında hazırlanan milli Konstitusiyamız   ümumxalq səsverməsi yolu ilə   qəbul olundu.  Əsaslı iqtisadi və siyasi islahatların həyata keçirilməsi nəticəsində  Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu  müəyyənləşdirdi,  həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün  tribunalar  qazandı. Beynəlxalq təşkilatlara  üzv qəbul olunması ona bu imkanları daha da artırdı. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərini sözsüz ki, bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Ümummilli liderin xidmətləri ilə bağlı  çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir nəşr, eyni zamanda, məqalə  bu xidmətlərə  müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir budur ki, Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Bu onu təsdiqləyir ki, Heydər Əliyev irsi bir məktəbdir, daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması əsasdır.

Fidan Adışlı,  Azərbaycan Dövlət Pedaqoji Universiteti