Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edirbackend

Müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları hər kəsə məlumdur. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Dahi şəxsiyyət hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etmək üçün mühüm addımlar atdı. Azərbaycan yenidən quruldu. Dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Bir sözlə, Azərbaycanın imzası imzalar arasında göründü. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan çətin günləri arxada qoyaraq inkişaf, tərəqqi yolunda inamla addımladı. Ümummilli Lider “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” söyləyərək müasir müstəqil Azərbaycanın  gələcəyi üçün möhkəm təməl formalaşdırdı.
lu Öndərin keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə dərin özüllər, neft emalı və maşınqayırma zavodları kimi gələcəyə hesablanmış 250-dən çox strateji obyekt istifadəyə verildi və bununla da Azərbaycanda əvvəlki 50 ildə mövcud olmuş 735 iri sənaye müəssisəsinin sayı 1982-ci ilədək 1048-ə çatdırıldı, respublikada buraxılan 350 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac edildi. Bütövlükdə, 14 il ərzində respublikada əvvəlki yarım əsrdəki qədər sənaye məhsulu istehsal olundu, sənaye istehsalı 2,7 dəfə artdı və 1969-cu ilə qədər aqrar respublika hesab olunan Azərbaycanın ümumi daxili məhsulunda sənayenin payı 66 faizə yüksəldi.1969-1982-ci illərdə milli gəlir 2,6 dəfə artdı və Azərbaycan iqtisadiyyatının inkişafına əvvəlki 50 ildəkindən 4,5 dəfə çox kapital qoyuldu. Artıq 1982-ci ildə bu rəqəm 1952-ci ildəkini 30 dəfə üstələyirdi.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. O vaxt ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etmədi. Bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Son 19 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana daha möhtəşəm uğurlar qazandırır. Azərbaycan iqtisadi möcüzələr ölkəsi, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib. Məhz bu uğurlar tarixi Zəfərimizi şərtləndirdi. Artıq işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır, bərpa-quruculuq işləri geniş vüsət alıb. Tarixi Qələbəmiz Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Heydər Əliyev yolu ilə inamla addımlayır, zirvələri fəth edir.

HÜMBƏTLİ FİRUZƏ
Azərbaycan Dövlət Pedaqoji Universiteti