UNUTMADIQ, UNUTMAYACAĞIQ, UNUTDURMAYACAĞIQ! – “Torpaq filminin təqdimatı oldu” – FOTOLARbackend

Dünən – iyunun 14-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə “Salnaməfilm” studiyasının Ayaz Salayevin müəllifliyi və rejissorluğu ilə istehsal etdiyi “Torpaq” sənədli filminin təqdimat mərasimi keçirildi.

Təqdimatda hökumət rəsmiləri, Milli Məclisin deputatları, kino, teatr və mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti nümayəndələri, alimlər, ziyalılar, diaspor, media, yaradıcılıq qurumları təmsilçiləri, Qərbi Azərbaycan İcmasının üzvləri və b. iştirak etdilər. 

Film 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın acı talelərinə həsr edilmişdi və film həmin hadisələrin 70 nəfərə yaxın canlı şahidinin danışığı üzərində qurulmuşdu.

Təqdimat mərasiminin açılışından sonra çıxış üçün ilk söz millət vəkili, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, filmin məsləhətçi Əziz Ələkbərliyə verildi və o, dəvətlilərin hər birinin bu tədbirdə iştirakını özlərinə böyük mənəvi dəstək və şərəf hesab etdiklərini xüsusi vurğulayaraq, filmin ərsəyə gəlməsində xidməti olan hər kəsə, xüsusilə filmin rejissoru Ayaz Salayevə və “Salnaməfilm” studiyasının kollektivinə öz təşəkkürünü bildirdi.

Ə.Ələkbərli “Torpaq” filminin təqdimatının Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin ildönümü ərəfəsində keçirməsinin də təsadüfi olmadığını xüsusi qeyd etdi. O, bildirdi ki, Ulu Öndər Heydər Əliyev xalqımızın deportasiya və soyqırımlarına verilən tarixi-siyasi qiymətlərin banisidir və təqdimatın onun adıyla bağlı olan Qurtuluş Günü ərəfəsində keçirilməsinin əsas səbəbi də elə budur. Şuşa Bəyannaməsi isə bizim tarixi torpaqlarımıza açılan qapıdır.

Daha sonra ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Ayaz Salayev çıxış edərək film haqqında tədbir iştirakçılarına və kinosevərlərə geniş məlumat verdi. Bildirdi ki, soydaşlarımızın erməni daşnakları tərəfindən öz tarixi dədə-baba torpaqları olan Qərbi Azərbaycandan – indiki Ermənistandan deportasiyasından bəhs edən bu bir saatlıq tammetrajlı sənədli ekran əsərinə baxanda tariximizin o dövrünün ziddiyyətlər dolu 1988-1991-ci illər dövrünün acı mənzərəsinin şahidi olur, mənfur düşmənin bağışlanmaz bəd əməllərinə bir daha nifrət edirsən. 

Sonra film nümayiş etdirildi. Filmin əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngəzur, Göyçə və İrəvanın tarixi Azərbaycan torpaqları olması və bizim mütləq o torpaqlara qayıdacağımızla bağlı inamlı çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Bundan sonra tamaşaçılar tam bir saat 1988-1991-ci illərdə olan hadisələrlə, Ermənistanda erməni vəhşiliyinə məruz qalmış soydaşlarımızın yaşadığı faciələrlə üz-üzə qaldılar.

Filmdən çıxan ümumi nəticə bu oldu ki, biz o faciələri, o Yurdu, o Vətəni unutmadıq, unutmayacağıq, unutdurmayacağıq və o yerlərə mütləq qayıdacağıq.