Uşaq İnkişaf Mərkəzinin rəhbəri: “Aliment Fondunun yaradılması sosial sifarişdir”backend
“Hazırda boşanmış ailələrdə aliment problemi kritik həddədir və bu məsələyə dövlətin müdaxilə etməsinə ehtiyac var”.
“Yeni Gündəm” xəbər verir ki, bu fikirləri açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva bildirib.
Onun sözlərinə görə, bu gün əksər boşanmış ailələrdə aliment problemi yaşanır. Məhkəmə qərarlarının olmasına baxmayaraq, alment ödəməli olan tərəf müxtəlif bəhanələrlə ödənişi həyata keçirmək istəmir, bu öhdəliyi yerinə yetirməkdən yayınmağa çalışır: “Doğrudur, məhkəmə qərarlarının icra olunmamasına görə bu şəxslər əvvəlcə inzibati qaydada, sonra isə cinayət təqibi qaydasında məsuliyyətə cəlb olunurlar. Amma bu, problemi həll eləmir. Nəticədə bundan zərər çəkən tərəf ana və övladları olur. Hər bir uşağın yaxşı yaşamaq, təhsil almaq hüququ var. Hazırda aliment ala bilməyən uşaqların sayının çoxluğu onların sosial təminatının yaxşılaşdırılması məsələsini aktuallaşdırır. Aliment Fondunun yaradılması artıq zərurətə çevirilib və bu, sosial sifarişdir. Bu mexanizm ailələr boşandıqdan sonra uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən ödənilməsini və sonradan borcludan məcburi qaydada alınmasını nəzərdə tutur. Dövlət tərəfindən Aliment Fondunun yaradılması və müfaviq mexanizmin tətbiqi bu sahədə uzun illərdən bəri yaşanan problemi aradan qaldıra bilər”.

Bu gün dünyanın əksər ölkələrində Aliment Fondlarının fəaliyyət göstərdiyini deyən Uşaq İnkişaf Mərkəzinin rəhbəri ölkəmizdə belə bir təsisatın qurulması zamanı xarici təcrübənin öyrənilməsini vacib sayır: “Norveçdə bu funksiyanı Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu, Böyük Britaniyada Uşaqların təminatı ilə bağlı Agentlik, ABŞ-da Aliment orderlərinin icrası üzrə Federal Ofis və Ştatların Agentlikləri yerinə yetirir. Hesab edirəm ki, xarici təcrübə öyrənilməklə ölkəmizdə də bu mexanizmin səmərəli tətbiqinə nail olmaq olar”. 
Aynur Musayeva əlavə edib ki, ölkəmizdə Aliment Fondunun yaradılması dövlətimizin uşaqların hüquqlarının təminatı, onların maraqlarının müdafiəsi istiqamətində atdığı addımların davamı olardı. Bununla da boşanmış ailələrdə uşaqların saxlanılması ilə bağlı yaşanan çətinliklər və aliment ödənişlərindəki fasilələrdən dolayı yaranan ciddi problemlər öz həllini tapa bilər: “Ona görə də vətəndaş cəmiyyətinin üzvü olaraq Aliment Fondunun yaradılması təşəbbüsünü dəstəkləyir, onun reallaşmasını mövcud problemin həllində olduqca mütərəqqi üsul kimi təqdir edirəm”.
Qeyd edək ki , Aliment Fondunun yaradılması ictimai vəkillik proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Konsaltinq və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə icra olunan Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində dəstəklənir.