Vahid Mustafayev: “Xalq müharibəsi, müqəddəs müharibə gedir!”backend

“Həyatda bütün pis işlər yaxşı insanların laqeyd susqunluğu nəticəsində baş verir!”

 

ANS Media Şirkətinin prezidenti Vahid Mustafayev öz “Facebook”səhifəsində dərc etdiyi məqaləsində Azərbaycanı təhdid edən problemlərdən, təhlükələrdən yazıb və bundan qurtuluş yolunu göstərib.

 

“Yeni Gündəm” məqaləni olduğu kimi təqdim edir:

 

Azərbaycanı təhdid edən indiyədək görünməmiş problemlər və təhlükələr qarşısında bir qurtuluş yolu var: bu, ən yeni bilik və texnologiyaların daim mənimsənilməsi, maraqların vətənpərvər müdafiəsi, istər orduda, istər iqtisadiyyatda, istərsə də mediada mübarizədə iştirak edən bütün bölmələrin gərgin zəhməti və sərt intizamı. Hər şey və hər şey cəbhə üçün işləməlidir – bu, Azərbaycanın maraqlarını digər xalqların və ölkələrin maraqlarından ayıran devizdir!

 

Təhsili diz üstə sürünməkdən ayağa qaldırıb, ona gəzməyə öyrətmək, sonra isə bütün ölkə boyunca yürüşə çıxarmaq lazımdır. Təhsilsiz vətənpərvərlik bütün milləti məhv etməyə qadir bir vəbadıp!

 

Silah tutan və qələm tutan insanların imicini yüksəltmək lazımdır, çünki məqsədləri bizi məhv etmək, bütün mənəvi və maddi dəyərlərimizi talamaq olan yırtıjılarla mübarizənin ön cəbhəsində məhz onlar dayanır. Bu, müharibədir və müharibədə döyüşmək gərəkdir, düşməndən mərhəmət və ya hörmət gözləmək lazım deyil. Hörməti ələ istər tüfəng, istərsə də qələm olsun – silah götürərək tələb etmək lazımdlır! Azərbaycanın Azərbaycan xalqından daha böyük heç bir gücü yoxdur! Bu xalq öz torpaqlarını geri qaytara bilər və buna hüququ var, bununla da müəyyən zaman içində Vətənimizi parçalmaq istəyən digər yırtıcıların da arzusunu gözündə qoyar. Biz xalqa arxalanmalıyıq. Buna görə də onun azadlığına hörmət etmək, ona təhsil vermək və rifahını dəstəkləmək lazımdır. Yalnız düşmənlərə münasibətdə, yəni Azərbaycan xalqının xoşbəxtliyini istəməyənlərin hamısına qarşı sərt olmaq lazımdır!

 

Bəlkə də, mənim daimi oxucum anlamır ki, mən niyə rus dilində yazıram? Bunun bir izahı var.

 

Birincisi, Azərbaycanın ictimai həyatının çox vacib institutu – ANS televiziya və radio şirkətinin və xəbər agentliyinin, onun vətənpərvər və maarifləndirici ruporunun olmadığı bir dövrdə, həmçinin Vətənimizin düşmənlərinin informasiya müdaxiləsinə qarşı mübarizədə bizi qoruyan qalxan çatışmadığına görə, itirdiyimiz mövqelər addım-addım, peşəkarcasına çeşidli növlərdən olan açıq və gizli, birbaşa və dolayı, həyasız və ya dost maskası taxmış düşmənlərin əlinə keçir. Rus dili bir beynəlxalq dil kimi azərbaycanlı olmayanların da başa düşməsinə imkan verir ki, hətta ANS müvəqqəti olaraq tam gücü ilə işləməsə də, ANS-çilər həmişə düşmənlərin istənilən hücumunu dəf etməyə hazırdırlar. Bəli, mənim əziz, gerçək ANS-çilərim, Vətənin maraqları naminə, rinqdə hətta bütün zərbələri  öz üzərimizə götürsək də, ayağa qalxıb həlledici bir zərbə endirməyi bacarmalıyıq!

 

Bilirəm ki, bir çox həqiqi ANS-çilər hazırda mediada işləmir, amma xatırlayırsınızsa, mən həmişə deyirdim: “ANS iş deyil, bu, bir həyat tərzidir!” ANS-çi fiziki cəhətdən harada olmasından asılı olmayaraq – ölkəmizin Müstəqilliyi və Ərazi Bütövlüyünün müdafiəsi – bu, Vətənpərvər ruhumuzun bizim fani bədənlərimizi tərk edəciyi son ana kimi borcumuzdur.

 

İkincisi, rəhbərliyi Azərbaycana qarşı düşmən və yırtıcı əhvalda olan bir ölkənin – Ermənistanın vətəndaşları 3 ildən artıqdır ki, ANS-dən vacib və həqiqətə uyğun məlumatlar ala bilmədiklərindən öz rəhbərlərinin təbliğat ifrazatına elə dərin gömülüblər ki, dözülməz və iyrənc  yalan onlara təmiz bir bahar bağının həqiqəti kimi görünür. Bu, ona görədir ki, alternativ yoxdur, çünki ANS-çilər susur. Siz gözəl bilirsiniz, siz Azərbaycanın müasir tarixinin yeganə şahidisiniz və siz hər şeyi öz gözlərinizlə görmüsünüz. Siz cəbhədə xəsarət aldığınız və döyüş yoldaşlarını itirdiyiniz zaman isti və rahat köşələrdə oturmuş murdarların yaydığı yalanları gerçəkdən ayıran faktları yalnız siz təqdim edə bilərsiniz. Nə olsun ki, müvəqqəti olaraq ANS yoxdur, axı ən vacib olan Müstəqil Azərbaycanımız var!

 

Vəziyyət o yerə çatıb ki, bu gün barıt qoxusu duymamış bir adam, küçədən torba ilə gəlmiş birisi ən yüksək tribunadan iddia edir ki, 26 fevral 1992-ci ildə Xocalıda mülki əhalini faşistcəsinə qətlə yetirilməsi Vermaxtda Dro Kanayan və Qaregin Njdenin qurduğu erməni legionunun rəhbərlərinin varisləri tərəfindən həyata keçirilməyib, hər iki faşistin abidəsi Ermənistanın paytaxtı – İrəvanda ucaldılıb, həmin abidələrə hər gün minnətdarlıqla, hörmətlə və onlara bənzəmək arzuları ilə gül dəmətləri qoyurlar. 1941-ci ildə Ermənistan Milli Şurasının xahişi ilə yaradılmış və şəxsən Adolf Hitler tərəfindən təsdiqlənmiş erməni faşist legionu birbaşa “die Waffen SS”in “Ölü baş”ının – Üçüncü Reyx qoşunlarının SS reyxsfüreri Henrix Himmlerin şəxsi komandanlığı altında olan ən amansız qrupu tərəfindən yaradılıb və təlim keçilib. (Auron, Yair. The Banality Of Denial: Israel And The Armenian Genocide, mətnə istinad: https://books.google.az/books…).

 

Erməni faşist legionunun əsgərlərinin şevronu (qol nişanı)

Erməni faşist legionunun əsgərlərinin şevronu (qol nişanı)

 

1941-ci ildə yaradılmış erməni faşist legionunun bayrağının 1991-ci ildə SSRİ-nin tərkibindən çıxmış və dövlət müstəqilliyini elan etmiş Ermənistan Respublikasının qəbul etdiyi bayraq ilə eyni olduğunu biləndə, mənim təəccübümün necə olduğunu bilə-bilməzsiniz. Bu “trikolor” tanınmamış Dağlıq Qarabağ Respublikasının bayrağında da təkrarlanır. Bu nədir, təsadüfdür? Bəs, erməni faşist legionunun birbaşa yaradıcıları və döyüş komandirləri Dro Kanayan, Qaregin Njdenin İrəvandakı abidələri də təsadüfdür? Bəs niyə zəhmətkeş erməni xalqına bu erməni faşist legionunun Vətəndə törətdikləri vəhşiliklərdən danışmırlar? Həqiqətən, 1942-ci ildən başlayaraq erməni legionunun batalyonları Qafqaza hücumlarda fəal iştirak ediblər.  (Auron, Yair. The Banality Of Denial: Israel And The Armenian Genocide, səhifə 238).

 

Erməni faşist legionunun açıqcası

Erməni faşist legionunun açıqcası

 

Erməni faşist legionunun tərkibi “die Waffen SS “Ölü baş”” tərəfindən soyuqqanlı qatil kimi yetişdirilmiş 30 min silahlı əsgər olub (Auron, Yair. The Banality Of Denial: Israel And The Armenian Genocide, səhifə 261).

Erməni faşist legionunun əsgərləri

Erməni faşist legionunun əsgərləri

 

Bu legionun döyüşçüləri tərəfindən Qızıl Ordunun 4,5 mindən çox erməni əsgəri və etnik mənşəcə erməni olan yerli sakinlər məhv edilib. Onların yalnız bir anlayışı  olub – əgər sən sovet ermənisənsə, deməli, məhv olmalısan! Özünüz təsəvvür edin, bu günahsız qətlə yetirilən erməni fəhlələrinin, kəndlilərinin və ziyalılarının nəvələri və nəticələri bu gün Ermənistanın müasir rəhbərliyinin faşist ideologiyasının təbliğatının təsiri altında öz qohumlarının və yaxınlarının soyuqqanlı qatillərinin ayaqlarına çiçək qoymaq məcburiyyətində qalırlar. Bu məzhəkədən daha təhqiramiz və kədərli nə isə ola bilərmi?

 

Ermənistanın indiki baş naziri, heç zaman barıt qoxusu duymamış və küçədən çanta ilə gəlmiş Nikol Paşinyan günahsız azərbaycanlı fəhlələrin, kəndlilərin və ziyalıların öldürüldüyü Xocalı qətliamının azərbaycanlıların özlərinin törətməsi ilə bağlı iddialarını eşitdikdə heyrətimi gizlədə bilmədim. Əlbəttə ki, onun çıxışı spiçrayterləri tərəfindən hazırlanıb, məqsəd təxribat və iğtişaşlara, mübahisə və hiddətlərə səbəb olmaqla növbəti dəfə ictimaiyyəti əsas mövzudan – Qarabağ azərbaycanlılarını öz doğma torpaqlarına qaytarılması mövzusundan yayındırmaqdır.

 

Amma kimsə gizlicə asqırırsa, öz viruslarını başqalarına yaymaq istəyirsə, onun qarşısında ciddi və tam kişi boğazı ilə öskürmək lazımdır ki, heç kim ağzımızın olmadığını düşünməsin!

 

İlk öncə, soruşmaq istəyirəm ki, sən kimsən və bu hadisələr barədə nə haqla danışırsan – sən ki, orada yox idin, amma mən orada idim! Mənim qardaşım, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev orada idi və bütün dünyaya yerli Əsgəran ermənilərinin dəstələrinin Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə törətdikləri vəhşiliklər barədə məlumat verdi. Bu barədə heç bir şişirtmə olmadan, sələfiniz, Ermənistan prezidenti Serj Sarkisyan Britaniya jurnalisti,  Qafqaz üzrə mütəxəssis Tomas de Vaala verdiyi müsahibədə danışır. Erməni həmkarlarımızın mənbəni axtarmaqda çətinlik çəkməmələri üçün dərhal link qoyuram: (https://carnegieendowment.org/files/DeVaalinterview_r1.pdf)

 

Bu ağır günlərdə hər bir vicdanlı Azərbaycan jurnalisti siyasi yönümündən və mövqeyindən asılı olmayaraq tarixçi, yazıçı və döyüşçü olmağa borcludur. Həyəcan anında tam gücü ilə Vətənin, onun ərazi bütövlüyünün və ən əsası, müstəqilliyinin müdafiəsinə qalxa bilmək üçün! Bu gün müvəqqəti olaraq ANS-in olmadığı bir zamanda ANS Media Akademiyası tərəfindən yetişdirilmiş kadrlardan və yeni mənəvi dayanıqlı vətənpərvərlərdən möhkəm və etibarlı bir qalxan, real və virtual ordu yaratmaq lazımdır. Bu, yaxın aylar və həftələr üçün təxirəsalınmaz döyüş tapşırığıdır. Düşmənlərin mühasirəyə aldığı Azərbaycan Respublikası dərhal ən əzmkar və fədakar jurnalistlərdən batalyonlar təşkil etməyə başlamalıdır. Bu kadrlar dəmir nizam-intizamla qaynaqlanmalı, öyrədilməli, ən müasir müasir jurnalistika və publisitika sənəti ilə təchiz edilməli və silahlandırılmalıdır.

 

Belə ki, məndən başlayaq. Mən, şəxsən, vəzifəcə bir jurnalist olaraq, son vaxtlar, məhz Xocalı hadisələri  ərəfəsində, erməni siyasi elitasının saxta təbliğat kampaniyasının ifşa olunması ilə bağlı seriya reportajlara başlayıram. Heç kimə sirr deyil ki, bu kampaniya Azərbaycanın Milli Yayım və Media Şirkəti olan ANS-in olmadığı bir vaxtda baş tutub və Azərbaycanda ictimai-siyasi vəziyyəti daha da gərginləşdirmək, habelə azərbaycanlı gənclər və həddi-buluğa çatmamış internet istifadəçiləri arasında vətənpərvərlik ruhunu aşağı salmaq və ləkələmək məqsədi güdür! Yuxarıda bəhs edilən müsahibədən vacib məqamları sizə təqdim edirəm:

 

Tomas de Vaalın 15 dekabr 2000-ci il tarixində Ermənistan müdafiə naziri Serj Sarkisyandan götürdüyü müsahibə.

 

Tomas de Vaal: Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma, niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz?

 

Serj Sarkisyan: Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəyəm. Birincisi, Azərbaycanın keçmiş rəhbəri deyirdi ki, bu, ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər. Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər. Bundan başqa, demək olar ki, Stepanakertin tam yaxınlığında yerləşərək oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu. Bu gənclərin (erməni əsgərlərin – müəllif) arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu nəzərə almaq lazımdır…

 

Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Amma dinc əhali ilə birgə əsgərlər də var idi. Və mərmi uçarkən dinc sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl imkan olmasına baxmayaraq, dinc əhali orada qalırsa, deməli o da döyüş əməliyyatlarında iştirak edir…

 

Tomas de Vaal: Amma mən deyə bilərəm ki, məndə olan məlumatlara görə, 366-cı alay sizə kömək edirdi, Xocalıda sizə dəstək olub və 1992-ci ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün rusların yardımı olub.

 

Serj Sarkisyan: Mən 366-cı alayın bəzi zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma, birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki azərbaycanlılar “Qrad”la təkcə bizə deyil, 366-cı alaya da zərbə endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər. İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də etdilər. Qarabağ ordusunun hazırkı komandanı, general-leytenant (Seyran) Ohanyan orada batalyon komandiri idi. O bizə necə kömək etməyə bilərdi? Amma bir, iki və ya üç zabit bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi yoxdur.

 

Başqa rusların köməyinə gəlincə, inanmayın – yalandır. Bizdə yeganə rus  – general-leytenant Anatoli Zineviç idi, o da həlak oldu, amma o, çoxdan təqaüdə çıxmışdı və burada Ermənistan Müdafiə Nazirliyində məsləhətçi idi. General Xristofor İvanyanla (Xocalı şəhəri bu gün belə adlandırılır – müəllif), Vazgen Sarkisyanla birlikdə 1992-ci ilin yayında üç günlük oraya gəldilər. Beləcə, onlar mənimlə birlikdə sona qədər orada qaldılar.

 

Tomas de Vaal: Ancaq siz artıq Ermənistanda olmağınıza görə, çox yaxşı bilirsiniz ki, məhz bu rayonların, Ağdamın və s.-in işğalı ən böyük siyasi və humanitar problemlər yaradır. Deməli, yalnız Dağlıq Qarabağ və bəlkə də Laçın alınsaydı, indi məsələ belə kəskin olmazdı.

 

Serj Sarkisyan: İnanıram ki, biz, sadəcə, lazım olanı etdik. Əgər 1994-cü ildə biz yekdil olsaydıq, daha çox döyüş sursatımız olsaydı, biz daha böyük məsələni həll edərdik, bəlkə də, əvvəlcə mənfi  qəbul ediləcəydi, amma sonra çox müsbət rol oynayacaqdı. Biz prinsipcə, Kürə qədər çıxa bilərdik və bu vəziyyətdə əlbəttə ki, Azərbaycan çox zəifləyəcəkdi, yəqin ki, qaçqınlar iki-üç qat çox olacaqdı və əraziləri iki-üç qat daha çox itirmiş olacaqdı. Düşünürəm ki, o zaman daha çox danışıqlara meylli olardılar.

 

Tomas de Vaal: Mənim Levon Ter-Petrosyan ilə söhbətim olub, sizin də fikrinizi eşitmək istərdim. Deyir ki, onun istefasına qədər Vazgen Sarkisyan, Serj Sarkisyan, Robert Koçaryan, ümumiyyətlə, Azərbaycanla anlaşmaq istəməyiblər…

 

Serj Sarkisyan: Fikir ayrılığı vardı. O hesab edirdi ki, bizim güzəştə getməyimizin vaxtı çatıb. Bizsə inanırdıq ki, hələ də ehtiyatlar var, sülh yolu ilə daha çox əldə etmək üçün imkanlar tam tükənməyib. Mən hətta ondan xahiş etmişdim: “Levon, bizə ən azı altı ay ver, bir daha cəhd edək, bəlkə bizdə nəsə alındı”… (əlavə Azərbaycan torpaqları zəbt etmək – müəllif). Ancaq biz belə bir güzəştə gedə bilmədik. Başa düşürəm, bütün bunlara Levon rəhbərlik etdi, başa düşürəm, prezident o idi. Ancaq bu uşaqları birbaşa döyüşə biz apardıq, anlayırsız? Yəni, biz itirirdik … Demək olar ki, bütün dostlarımı itirdim, demək olar ki, hamısını. Mənə kömək etmək üçün atası ilə birlikdə gələn 18 yaşlı qardaşım oğlumu itirdim. Oğlan orada həlak oldu. Ancaq biz başqa cür ola bilməzdik…

 

Tomas de Vaal: …Əlbəttə, o zaman romantik  dövr var idi, amma indi fərqlidir. Yenə də, hesab edirsinizmi, romantik hərəkat çox yanlış hesab idi və başqa cür davrana bilərdiniz?

 

Serj Sarkisyan: Yox, təəssüf etmirəm, heç təəssüf etmirəm. Çünki, görünür, belə təlatümlər lazımdır.

 

Tomas de Vaal: Hətta minlərlə insan həlak olanda da?

 

Serj Sarkisyan: Nə edə bilərsən ki? Minlərlə insan həlak olur, bəli…“

 

Əziz oxucular, unutmayın ki, həyatımızda bütün pis işlər yaxşı insanların laqeyd susqunluğu nəticəsində baş verir. Çox təəssüf ki, mənim bu vacib faktları daha geniş şəkildə yaymaq üçün “Facebook” səhifəmdən başqa bir imkanım yoxdur. Bizə qoşulun və  bu məqaləni yayın.

Hörmətlə, Vahid Mustafayev, 20 fevral 2020-ci il.