Vasif Talıbovun adamı olan bu icra başçısı işdən çıxarılırbackend

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova yaxınlığı ilə seçilən şəxslərin “vurulması” davam edir. V. Talıbovun istefa verməsindən dərhal sonra Naxçıvan Dövlət Universitetinin prorektoru olan oğlu Seymur Talıbov tutduğu postdan könüllü şəkildə imtina edib. Ötən həftə isə Vasif Talıbovun Naxçıvan prokurorunun müavini olan qardaşı Məhərrəm Talıbov sərəncama göndərilib. Talıbovların daha bir nümayəndəsi – Dövlət Miqrasiya Xidmətində idarə rəis vəzifəsində çalışan Rza Talıbov da yol üstdədir. General Talıbovun uzunmüddətli məzuniyyətə göndərildiyi barədə xəbər rəsmən təsdiqlənib. Məlumatlı şəxslər isə oğul-Talıbovun məzuniyyətinin bitməyəcəyini iddia edirlər. Onların qənaətinə görə, Rza Talıbov əmisi Məhərrəm Talıbovun aqibətini yaşayacaq. Məzuniyyət müddəti başa çatndan sonra gənc generalın da, əmisi kimi, sərəncama göndəriləcəyi bildirilir. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, “təmizləmə əməliyyatı” təkcə Talıbovların sıradan çıxarılmasıyla yekunlaşmayacaq. Bu prosesin həm Naxçıvanda, həm də Bakıda Vasif Talıbova yaxınlığı ilə tanınan bütün məmurları əhatə edəcəyi vurğulanır.

Məlumatlı şəxs saytımıza bildirib ki, tezliklə vəzifəsi ilə vidalaşacaq talıbovçuların siyahısında ilk yerdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəlir. Həmişə Vasif Talıbovun adamı olmasıyla öyünən 69 yaşlı icra başçısının yanvar ayı ərzində yola salınacağı gözlənilir.

Mənbə deyib ki, Zakir Fərəcovun fəaliyyətindən narazılıq son vaxtlar onsuz da geniş vüsət almışdı. Yəni qocaman icra başçısının “vurulması” gözlənilən idi. Sadəcə, Vasif Talıbovun qəfil istefası bu prosesi daha da sürətləndirdi.

Məlumatlı şəxs onu da deyib ki, əslən Naxçıvandan olan və Vasif Talıbovun sayəsində paytaxtda, eləcə də ölkənin digər şəhər və rayonlarında yüksək post tutan çoxlu sayda məmurun da işdən çıxarılması gözlənilir.