Vasif Talıbovun şirkəti ilə bank arasında kredit qalmaqalıbackend

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC ilə “Cahan-İnşaat” MMC arasında kredit qalmaqalı yaranıb.

Qaynarinfo xəbər verir ki, “Cahan-İnşaat” MMC sözügedən bankdan götürdüyü krediti qaytarmır. Bu səbəbdən “Bank of Azerbaijan” ASC şirkəti məhkəməyə verib. İş Naxçıvan Muxtar Respublikası (MR) Kommersiya Məhkəməsinin hakimi Elşən Salmanovun icraatındadır.

“Cahan-İnşaat” MMC “Cahan Holdinq” (Nəqşicahan) şirkətlər qrupuna daxildir. Holdinq isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsusdur. Bu barədə yerli mediada kifayət qədər yazılıb və “Cahan Holdinq”in Vasif Talıbova məxsus olması faktı təkzib olunmayıb.

Vasif Talıbov dekabrın 21-də Naxçıvan MR Ali Məclis sədri vəzifəsindən istefa verib. O, 1995-ci ildən bu vəzifədə olub.

“Bank of Azerbaijan” ASC isə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bankı kimi tanınıb. Uzun müddət bankın idarəçiliyini keçmiş nazirin biznes ortağı kimi tanınan “Hafka” ləqəbli Hafiz Məmmədov həyata keçirib.

“Bank of Azerbaijan” ASC bundan əvvəl “Cahan Holdinq”ə daxil olan “Cahan-Motors” MMC-ni məhkəməyə vermişdi. “Cahan Motors” MMC “Opel”, “FAW” şirkətlərinin Azərbaycandakı rəsmi distiribütorudur. MMC Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “Naz Lifan” brendinin də rəsmi nümayəndəsidir.

“Cahan Motors”un Bakıdakı avtosalonları Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun nəzarətində olub.