Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidirbackend

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələr vardı. Bütün bunlara yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı.

Varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. (2021)

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.

Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi.

 

Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur.

 

Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. “Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır.”

İskəndərli Zəhra Şahmurad qızı – ADPU