Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi tədrisin məzmununda əks olunacaq – RƏSMİbackend

“Vətən müharibəsi qalibiyyətlə yekunlaşıb. Bu şərəfli tarixin iştirakçısı olan on minlərlə insanımıza böyük sevgi borcumuz var. Şəhid olan cəngavərlərimizi, qazi olan qəhrəmanlarımızı böyük ehtiramla yaddaşlarımıza həkk edəcəyik”.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.

O qeyd edib ki, təhsilin məzmununda bu, həm forma, həm də ayrı-ayrı hekayələrlə öz əksini tapacaq: “Bununla bağlı Təhsil naziri ayrıca əmr imzalayıb. Bu əmrə əsasən, Vətən müharibəsinin bütün qəhrəmanlıq salnaməsi ilə bağlı ayrı-ayrı məqamlar incəliklə  araşdırılacaq və tədrisin məzmununda əks olunacaq. Bunun üçün təhsil mütəxəssisləri həmkar qurumlarla çalışır və Vətən Müharibəsinə dair ibrətamiz faktları toplayır,  mövzular işlənərək həm dərsliklərimizdə, həm də tədrisin məzmununda yer tapacaq. Bu proses hələ yekunlaşmayıb, davam edir və yekunları ilə bağlı ictimaiyyətə vaxtaşırı məlumat veriləcək”.