Vətəndaşları əlillik təqaüdləri düzəldəcəyi vədi ilə aldadan şəxs həbs olundubackend

Şirvanda dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Yeni Gundem”-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Cavid Astanov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, C.Astanov şəhər sakini olan üç vətəndaşın etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də işlə təmin edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 8500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı cinayət işi açılıb, C.Astanov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər C.Astanovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.