Vətəndaşların pozulan hüququnun bərpası: “Özəlləşdirmə çeki olanlara kompensasiya ödənməlidir”backend

“Çeki olan şəxsin hansısa müəssisənin özəlləşdirilməsində pay sahibi olmaq hüququ var”.

Bu sözləri əlində özəlləşdirmə çekləri qalmış vətəndaşların hüquqlarının bərpası və onlara kompensasiya ödənməsinin vacibliyinə toxunan iqtisadçı Vüqar Oruc “Yeni Gündəm” açıqlamasında deyib.

İqtisadçı hesab edir ki, dövlət sosial təminatın yaxşılaşdırılmasına qərar veribsə, mövcud problem ciddi şəkildə araşdırılmalıdır:

“90-cı illərin sonlarında vətəndaşlara özəlləşdirmə çekləri paylanıldı. Təəssüf ki, proses zamanı maarrifləndirmə işləri yüksək səviyyədə aparılmadı. Yəni, vətəndaşın bu çeklərdən necə istifadə edəcəyi barədə ona geniş informasiya verilmədi. Vətəndaşların əksəriyyəti elə bilib ki, bu çeklər bazarda müəyyən olunan məbləğə uyğun satmaq üçündür. Ona görə insanlar öz çeklərini fəaliyyət göstərən çek bazarlarında müxtəlif qiymətə satırdılar. Qiymətlər bazar tərəfindən tənzimlənirdi. Əslində vətəndaşlara izah olunmalı idi ki, bu çeklərdən gələcəkdə müxtəlif özəlləşdirmə proseslərində iştirak etmək üçün istifadə edə bilərlər. Bununla yanaşı, hansısa obyektə investisiya qoya bilərlər.

Ötən dövrdən fərqli olaraq, artıq iqtisadi şüur və maarriflənmə səviyyəsi olduqca fərqlidir. Özəlləşdirmə çeklərindən istifadə etmək iqtidarında olan,  investisiya prosesində payçılıq və iştirakçılıq hüququnu dəyərləndirə bilən insanların sayı artıb. Fikrimcə, bu prosesə yenidən baxılmalı və istifadəsiz qalan 6 milyondan çox özəlləşdirmə çekinin istifadəsi bərpa olunmalıdır. Məndə olan məlumata görə, siyahıyaalma problemi və yerli məmurların səriştəsizliyi ucbatından əksər vətəndaşlar çeklərlə təmin olunmayıb. Bir vətəndaş olaraq ümummili dövlət mənafeyi baxımından əhəmiyyət kəsb edən bir prosesdə iştirak edə bilməyiblər. Yəni, proses ədalətsiz şəkildə hökm sürüb. Mövcud vəziyyətdə bu tendensiyanın aradan qaldırılması vacibdir. Ümumiyyətlə, bu çeklərdən  ayrı-ayrı müəssisələrin araşdırılmasında necə istifadə olunub. Konkret şəxslər özəlləşdirmə çeklərini minimum dəyərlə insanların əllərindən yığıb və böyük obyektlərin sahibi olublar.

Əlində özəlləşdirmə çeki qalmış insanların hüquqları müdafiə olunmalı və onlara  kompensasiya ödənilməlidir. Vətəndaşın hüququ tapdanırsa, konkret addımlarla mövcud ədalətsizlik aradan qaldırılmalıdır. Çünki çeki olan şəxsin hansısa müəssisənin özəlləşdirilməsində pay sahibi olmaq hüququ var. Ona görə də parlament və icra strukturları qərarlar qəbul etməlidir. Elə bir ortaq qərar olmalıdır ki, tərəflərin mənafəyi təmin edilsin”.

Qeyd edək ki, əlində özəlləşdirmə çekləri qalan vətəndaşların  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Nazirlər Kabineti və Prezident Aparatına AÇIQ MƏKTUB ünvanlayıb. Müraciətlə aşağıdakı linkdən tanış ola bilərsiniz.

Nərmin

https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/