Vəzifəli şəxsə şərti cəza verildibackend

Naftalanda mənimsəmədə təqsirləndirilən rayon Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sabiq rəisi Rüfət Həsənov və baş mühasib Zəfər Mamedovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Yeni Gündəm” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxs barəsində iki il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühasibi vəzifəsində işləmiş Mamedov Zəfər Əli oğlunun həmin qurumun rəisi olmuş Həsənov Rüfət Səfail oğlu və digərləri ilə qabaqcadan əlbir olaraq 2016-2018-ci illər ərzində Birliyə işə qəbul edilmək üçün müraciət etmiş vətəndaşların şəxsiyyət vəsiqələrinin surətlərini əldə edib həmin şəxslərin guya uzun müddət ərzində müəssisədə işləmələri görüntüsünü yaratmaq məqsədilə saxta əmək müqavilələrini tərtib edərək müvafiq rəsmi sənədləri Naftalan şəhəri üzrə Maliyyə İdarəsinə göndərib ümumilikdə 87 şəxsin adına olan plastik kartlara köçürülmüş cəmi 121 min 520 manat məbləğdə pul vəsaitini müxtəlif bankomatlardan məxaric etməklə mənimsəmələrinə, eləcə də cinayətkar niyyəti həyata keçirmək üçün tərtib olunmuş rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Zəfər Mamedov və Rüfət Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və y israf etmə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunub.