Vilayət Eyvazov MDB nazirlər şurasının iclasında iştirak etdibackend

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclasında iştirak etmək üçün Qırğız Respublikasında iki günlük rəsmi səfərdə olub.

“Yeni Gündəm” xəbər verir ki, sentyabrın 8-də Çolpan-Ata şəhərində keçirilən DİNŞ iclasında üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb, Şuranın terrorizm, ekstremizm, narkotrafik, mütəşəkkil cinayətkarlıq və insan alveri ilə mübarizədə geniş və əhatəli iş apardığı, qurumun MDB məkanında təcrübə və informasiya mübadiləsi istiqamətində də səmərəli fəaliyyət göstərdiyi vurğulanıb.

İclasda çıxış edən general-polkovnik Vilayət Eyvazov qeyd edib ki, 2019-2022-ci illər ərzində Birlik üzvü olan ölkələrin DİN-lərinin aidiyyəti qurumları tərəfindən sıx işbirliyində yüzlərlə ağır cinayətlərin üstü açılıb, çoxsaylı mütəşəkkil transmilli kriminal qruplar zərərsizləşdirilib, təhlükəli cinayətkarlar tutularaq ekstradisiya olunub. Birlik çərçivəsində tərəfdaşlığın kifayət qədər yüksək səviyyədə olduğunu qeyd edən nazir son 5 il ərzində 4470 cinayətkar qrupun zərərsizləşdirildiyini, qanunsuz dövriyyədən 4 minə yaxın odlu silahın və 9 ton narkotik vasitənin müsadirə edilməsinin Azərbaycan hüquq mühafizə orqanlarının bu istiqamətdə barışmaz mövqe sərgilədiyinin əyani sübutu olduğunu bildirib.

General-polkovnik V.Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın yeni təhdid və çağırışlarına birgə səylərlə cavab verilməsinin zəruriliyini diqqətə çatdırıb.

Toplantıda planlaşdırılan bütün məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.