Vilayət Eyvazov: Ölkə ictimaiyyətinə, media mənsublarına təşəkkürümüzü bildiririkbackend
Daxili İşlər naziri, general-polkovnik Vilayət EYVAZOV:
“Dövlətin və xalqın mənafeyinə, Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin fəaliyyət kursuna sədaqətli, peşəkar xidmət Azərbaycan Polisinin əsas vəzifə borcudur”
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan iqtisadi-sosial inkişaf modeli ilə yanaşı, həm də təhlükəsizliyin və sabitliyin etibarlı təminatı baxımından dünyada mükəmməl nümunələrdən birini yaradıb. Beynəlxalq terrorçuluğun və transmilli cinayətkarlığın sərhəd tanımadığı, kriminogen durumun qlobal miqyasda kəskinləşdiyi müasir dövrdə ölkəmiz cənab Prezidentin təbirincə desək, sabitlik adasına çevrilib. Bu nailiyyətin əldə olunmasında şübhəsiz ki, daxili işlər orqanlarının əzmkar fəaliyyəti də mühüm səciyyə daşıyır.
102-ci ildönümünü qeyd edən Azərbaycan polisi ictimai asayişin qorunmasında, müstəqil dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında müstəsna xidmətlər göstərir. Torpaqlarımızın müdafiəsi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər istiqamətlərdə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirir.
Polis Günü ərəfəsində həmsöhbət olduğumuz Daxili İşlər naziri, general-polkovnik Vilayət EYVAZOV bu tarixi nailiyyəti Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi srtateji kursla əlaqələndirir. Nazirin fikrincə, qlobal pandemiya ilə bağlı ciddi sınaqlarla üzləşdiyimiz bu çətin günlərdən də məhz düzgün yürüdülən mübarizə strategiyası və Prezident-Xalq həmrəyliyi sayəsində qurtulacağıq.
– Cənab Nazir, Azərbaycan Polisi 102-ci ildönümünü ənənəvi olmayan dönəmdə – qlobal pandemiyanın kütləvi fəsadlarına qarşı aparılan mübarizə şəraitində qeyd edir. Ötən 4 aya yaxın dövr üçün sərt karantin rejimində polis fəaliyyətinin ilkin nəticələrini necə qiymətləndirirsiniz?
– Öncə bir məqama xüsusi diqqət ayırmaq istərdim. Həqiqətən də, pandemiya elə qlobal fəsadlar və kəskin problemlər yaradıb ki, onun ağır nəticələri bütün dünyada özünü hiss etdirir.
Ötən aylar ərzində fövqəldövlətlərin koronavirus qarşısında aciz qaldığını, ən güclü səhiyyə sisteminə malik ölkələrdə insanların müalicəsi üçün xəstəxanaların çatışmadığını, dünya iqtisadiyyatında aparıcı rola malik dövlətlərin ciddi böhranla, vətəndaşlarının isə böyük sosial çətinliklərlə üzləşdiyini müşahidə etdik. Bu acınacaqlı mənzərə təəssüf ki, hər gün daha da kəskinləşir.
Bu bəla Azərbaycandan da yan keçməyib. Mart ayından etibarən ölkədə karantin rejimi tətbiq olunub və müəyyən dövrlərdə daha da sərtləşdirilib. Möhtərəm Prezident ilk gündən pandemiyanın yarada biləcəyi çətinlikləri düzgün müəyyənləşdirdi və preventiv tədbirlərlə koronavirusun tibbi, iqtisadi, sosial, psixoloji fəsadlarına qarşı sistemli mübarizə strategiyası formalaşdırdı. Qabaqlayıcı addımların atılmasına dair konkret göstərişlər verdi. Təsadüfi deyil ki, martın sonlarında elan olunmuş və aprel ayından icrasına başlanan sosial-iqtisadi dəstək proqramı sayəsində indiyədək ölkə iqtisadiyyatına, sahibkarlara, işsiz vətəndaşlara, aztəminatlı təbəqələrə və digər həmvətənlərimizə dövlət tərəfindən 3, 5 milyard manatdan artıq vəsait ödənmişdir.
Həmin sosial-iqtisadi dəstək kampaniyası isə tibbi müdafiə tədbirləri ilə paralel aparılırdı. Qısa müddətdə ölkənin səhiyyə sisteminin infrastruktur və mütəxəssis bazası pandemiya dövrünə uyğunlaşdırıldı, təkmilləşdirildi, yeni modul xəstəxanalar istifadəyə verildi.
Bu prosesdə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ilk gündən göstərdiyi təşəbbüslər və səylər, aidiyyəti dövlət orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirələrdə qəbul edilən qərarlar pandemiya ilə mübarizənin səmərəliliyinin artmasını şərtləndirdi, habelə Heydər Əliyev Fondunun ölkə boyu təşkil etdiyi böyük humanitar dəstək aksiyaları xalqımız tərəfindən minnətdarlıqla qarşılandı.
Ölkəmizin pandemiyaya qarşı mübarizə strategiyası beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bütün bunlar xalqımızda dövlətə, iqtidara həm etimadı yüksəldir, həm də dövlət başçısının siyasətinin alternativsizliyini təsdiq edir. Nəticə etibarilə Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı ümummilli səfərbəredici qüvvəyə çevrilib və vətəndaşlarımız bu bəladan xilas yolunda öz Liderinin ətrafında daha sıx birləşib. Ölkə rəhbərinə son aylarda ünvanlanan on minlərlə vətəndaş məktubları da bu həqiqəti tam təsdiqləyir.
Sözügedən sahədə digər dövlət strukturları kimi daxili işlər orqanları da ölkə rəhbərinin müəyyənləşdirdiyi strateji prinsiplər əsasında fəaliyyət göstərir. Bu müddətdə polisin işinin ilkin nəticələri barədə mənim rəyimə gəldikdə isə hesab edirəm ki, bunu ictimaiyyət və kütləvi informasiya vasitələri daha dolğun və obyektiv verə bilər. Çünki həmişə olduğu kimi, bu dövrdəki fəaliyyətimiz də sizlərin gözü önündə, geniş ictimai nəzarət altında həyata keçib.