Vüqar Səfərlinin məhkəməsi təxirə salındıbackend

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

“Yeni Gündəm”-in xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən N.Məmmədovun məhkəməyə gətirilməsi təmin edilməyib.

Məhkəməyə daxil olan məktubda qeyd olunub ki, N.Məmmədov İxtisaslaşdırılmış Müalicə müəssissəsinə köçürülüb. Bu səbəbdən proses qeyri-müəyyən günədək təxir salınıb.

Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.

O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.