Vüsal Qasımlı neftin qiymətindən danışdıbackend

“Neftin qiymətlərinin hansı həddə olmasının Dövlət Neft Fondundan büdcəyə transfertə heç bir təsiri yoxdur”.

“Yeni Gündəm” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı İTV-nin efirində  neft qiymətlərinin azalmasının dövlət büdcəsinə təsirlərindən danışarkən deyib.

Onun sözlərinə görə, neft qiymətlərinin dövlət büdcəsinə təsirinin minimallaşdırılmasıyla bağlı ölkə başçısı Azərbaycanda büdcə qaydalarını, nəticə əsaslı büdcəni qəbul edib: “Dövlət büdcəsinin gəlirlərinin 56,6 faizi qeyri-neft sektorunun hesabına təmin olunur. İlk iki ayda qeyri-neft sektoru 6,7 faiz artım tempi göstəribsə, deməli, dövlət büdcəsinin bu il qeyri-neft sektorundan əldə edəcəyi gəlirlərin azalmasıyla bağlı hər hansı bir problem yoxdur.

İlk iki ay ərzində Vergilər  Nazirliyinin xəttiylə proqnozdan 180 milyon manat çox, Dövlət Gömrük Komitəsinin xətti ilə 70 milyon manat çox vəsait büdcəyə daxil olub. Ümumilikdə, 250 milyon manat vəsait dövlət büdcəsinə daxil olub.

Dövlət büdcəsinin 43,9 faiz gəlirləri neft gəlirləri hesabına təmin edilir: “Burada ən böyük payı Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürmə təmin edir. Fonddan bu il büdcəyə 11 milyard 350 milyon manat pul köçürüləcək. Bu vəsaitin köçürülməsiylə bağlı heç bir çətinlik yoxdur. Çünki bu vəsait Dövlət Neft Fondunun ehtiyatlarının cəmi 15 faizini təşkil edir. Heç Dövlət Neft Fondunun gəlirləri olmasa belə, 7 il ərzində Fondun imkanı çatar ki,  bu qədər vəsaiti büdcəyə transfert etsin. Deməli, neft qiymətlərinin hansı həddə olmasının büdcəyə transfertə  heç bir təsiri yoxdur.

İkincisi, SOCAR tərəfindən bu il dövlət büdcəsinə 1 milyard 450 milyon manat vəsait köçürülməsi planlaşdırılır. Burada neft qiymətlərinin təsiri müəyyən dərəcədə olacaq. Çünki SOCAR nefti və neft məhsullarını əsasən daxili bazarda satır. Ona görə də xarici bazarlarda neft qiymətinin SOCAR-a əhəmiyyətli bir təsiri yoxdur. Məsələn, hesablarımız göstərir ki, əgər neftin qiyməti dünya bazarlarında 40 dollar olarsa, dövlət büdcəsinin gəlirləri cəmi 1,6 faiz azala bilər. Eyni zamanda, qiymət 40 dollar olarsa, bu maksimum Neft Fondunun gəlirlərinə 3 milyard manat təsir edəcək. Bu da Neft Fondunun ehtiyatlarının heç  4 faizi demək deyil”.