Xaçmaz sakini nədən GİLEY EDİR?backend

Quba rayonu, Hacıhüseynli kənd sakini Vəlixanov Etibar Vəlixan oğlu “Hürriyyət”ə müraciət edərək, Xaçmaz notariat kantorunun xüsusi notariusu tərəfindən babasından qalan vərəslik payının ləğv edildiyini bildirir. O, bununla bağlı redaksiyamıza şikayət məktubu ünvanlayıb:

“Mərhum babam Vəlixanov Şair Ələsgər oğlundan mərhum atam Vəlixanov Vəlixan Şair oğluna vərəsəlik payı qalıb. Atam dünyasını dəyişdiyi üçün vərəsəlik payı mənə çatır. Buna baxmayaraq, Xaçmaz notariat kantorunun xüsusi notariusu Məmmədov Firdovsi Sürəddin oğlu mənim icazəm və məhkəmə qətnaməsi olmadan, atamın vərəsəlik payını ləğv edib. Tam pay hüququnu bibim Vəlixanova Minayyət Şair qızına verib. Baxmayaraq ki, mərhum babamın son qeydiyyatı Quba rayonu olub. Xaçmaz notariat kontorunun Quba sakininə vərəsəlik şəhadətnaməsi verməsinə hüququ çatmır.

Mən bu özbaşınalıqla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişəm. Verdiyim sübutlar açıq-aşkar gizlədilir. Prokurorluğa yazdığım ərizədə qeyd etmişdim ki, Xaçmaz noratiat kontorunun xüsusi notariusu verdiyi vərəsəlik şəhadətnaməsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsinin tərtib etdiyi 582291 nömrəli plan və ölçü istintaqa gətirilsin. Prokurorluq isə şikayətimlə əlaqədar notariat orqanına sorğu göndərib. Onlar isə cavabında cinayəti təkzib ediblər. Xahiş edirəm ki, məsələni nəzarətinizə götürəsiniz”.

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. //hurriyyet.az//