Xaçmaz sakinlərini ölümlə üz-üzə qoyan elektrik dirəkləri – AÇIQLAMAbackend

Son illərdə təkcə Bakıda deyil, regionlarda da enerji təsərrüfatının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülməkdədir, lakin hələ də bu sahədə problemlərlə üzləşən sakinlər qalmaqdadır.

Yeni Gündəm” xəbər verir ki, Xaçmaz rayonu Fərzəli-oba və İdris-oba kəndlərində yaşayan sakinlər hər an ölüm təhlükəsi ilə üz-üzədirlər. Belə ki, qeyd olunan kəndlərdə yerləşən elektrik dirəkləri və xətləri acınacaqlı vəziyyətdədir.
Hələ Sovet dövründə salınan bu dirəklər ara-sıra təmir-bərpa işləri həyata keçirilsə də, əsaslı təmir edilməyib və bu da özü-özlüyündə təhlükə yaratmağa davam edir.
Hər iki kəndin sakinləri bu məsələylə əlaqədar dəfələrlə aidiyatı qurumlara müraciət etsələr də, nəticə göründüyü kimi yoxdur və heç bir əsaslı fəaliyyət göstərilməyib.
Onu da əlavə edək ki, həmin kəndlərin ərazisinə yaxın yerdə bir neçə biznes sahibkarlara məxsus ərazilərdə elektrik şəbəkəsi tamamilə yenilənib.
Qeyd edək ki, Xaçmaz rayonu elektrik məbləğlərinin ödənilməsinə görə regionlar üzrə ən ön sıralarda yer alsa da, təxminən 30% abonent hələ də keyfiyyətli elektrik xidmətlərindən yararlana bilmir.

Məsələylə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətindən “Yeni Gündəm”ə verilən məlumata əsasən, problemdən xəbərdardırlar və müvafiq fəaliyyət planına əsasən tədbirlər görüləcəkdir.

Ümumiyyətlə isə 2022-ci il ərzində Xaçmaz rayonunun 50 yaşayış məntəqəsində elektrik sisteminin yenidən qurulması işi aparılacaqdır. Artıq 10 yaşayış məntəqəsində yenidənqurma işlərinə başlanılmışdır. Bu layihə həyata keçirildikdən sonra qəza hallarının sayı kəskin azaldılacaq və əhalinin keyfiyyətli və fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz edilməsi təmin olunacaqdır.

Məsələ diqqətimizdədir.

Yenigundem.az