Xalq artistinin şəhid bacısı oğlu – Xalid Məcdunovbackend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xalq artistinin şəhid bacısı oğlundan yazıb.

1995-ci ilin soyuq fevral ayının 12-ci günündə Qobustan rayonu Poladlı kəndində Məcdunovlar ailəsinin üzünə Gün doğdu:  nur topası bir oğul dünyaya gəldi, adını Xalid qoydular.

Ailənin ikinci övladı olan Xalid 2002-ci ildə Poladlı kənd Mahir Kərimov adına tam orta məktəbin birinci sinifinə gedib, 2013-cü ildə həmin məktəbi bitirib. Yeniyetməliyində futbol azarkeşi kimi tanınan Xalid, azarkeşliyinin yanısıra özü də yaxşı futbol oynayıb. Daha çox hücumda oynayarmış Xalid… Məgər onun əsl azarkeşliyi də, peşəkarlığı da gizlində imiş. – Ürəyində ən əziz yerdə qərar tutan duyğular Vətənlə, torpaqlarımızla, Qarabağla bağlı olub. Bu, şüurlu və peşəkar vətəndaşlıq kimi xarakterizə oluna bilər. O, 2014-cü illn aprel ayında Qobustan rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsindən həqiqi hərbi xidmətə yola düşüb.

Xalid Daxili Qoşunlarda xidmət keçib.

Həqiqi hərbi xidmətdən sonra müddətdənartıq hərbi edən Xalid, 2016-cı ilin iyun ayında “N” saylı hərbi hissədə qulluğa davam edib. Onunla Xidmət Müqaviləsi 5 illik bağlanıb, lakin o, ikinci beş illik üçün də müqaviləyə imza atıb. Vətənə cox bağlı gənclərdən biri kimi və artıq peşəkarlığı ilə seçilən hərbçi olaraq, sentyabrın 27-də Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca döyüşlərə atılanların ön sırasında Xalid də vardı. Döyüş yoldaşları onun comərdcəsinə döyüşdüyünü, qorxmazlığını fəxarətlə deyir.

Xalid Tərtər, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabırın 3- də Cəbrayılın işğaldan azad edilməsi uğrunda döyüşlərdə Xalid Mejdunov düşmənin atdığı tankəleyhinə mərmidən bu dünyaya gözlərini əbədi yumub…

“Yaxşı oğul dayısına oxşayar” söyləyib atalar. Ləyaqətli Vətən oğlunun dayısı, Xalq artisti Zabit Nəbizadə deyir:

“Xəbəri ata-anasından qabaq biz dayıları bildik. Böyük qardaşımın sinif yoldaşı vasitəsi ilə öyrəndik ki, Xalid şəhid olub. Anasına demədik, düz 3 gün gizlətdik ondan. Müharibənin qızğın vaxtı idi, Səfərbərlik idarəsi ilə əlaqə saxladıq, rəhmətliyin cəsədini tapıb gətirdilər.

Xalidin qardaşı da hərbi qulluqçudur.

Şükür, şəhidlərimizin qanı yerdə qalmadı.

Deyiləcək bircə söz var: Vətən sağ olsun!”.

Bəli, Şəhidlərimiz baş tacımızdır. Başın sağ olsun, Vətən!