Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi – Anar Məmmədovbackend

“Ötən ilin 27 sentyabr günü Azərbaycanın 30 illik Qarabağ dağını üzərindən götürmək üçün haqq yolunda səfərə çıxdığı, haqq uğrunda ayağa qalxdığı gün kimi tarix salnaməmizə silinməz izlərlə həkk olundu. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması, səbrimizi daşıran son damla oldu və müharibəni qaçılmaz etdi.”

Bu fikirləri “Yeni Gündəm”ə  açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi oldu: “Vətən torpaqlarının azadlığı uğrunda davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib dövlət, məğrur xalq kimi tanıdı. Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Müasir texnologiyalardan istifadə olunan əks-hücum əməliyyatlarında Rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər günü tariximizin şanlı səhifəsi kimi yazıldı. Ermənistan Ordusu şanlı Azərbaycan Ordusu tərəfindən istər texnika, istərsə də canlı qüvvə sarıdan tamamilə darmadağın edilsə də təəssüf ki, xalqımız da şəhidlər verdi. Təsəllimiz isə odur ki, ümumilikdə Qarabağ savaşı başlayan gündən bu günədək həlak olan soyadaşlarımızın, Xocalı və digər ərazilərdəki soyqırıma məruz qalan günahsız insanların, raket zərbələri nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın, ümumilikdə şəhidlərimizin qanı yerdə qalmadı. Düşməndən intiqamımızı həm torpaqlarımızı geri almaqla, həm də düşməni məhv etməklə aldıq. “Dəmir yumruq” əməliyyatında məğlub olan Ermənistan, baş naziri Paşinyanın simasında Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə təslim bəyanatını imzalayaraq Azərbaycan Prezidentinin qarşısında diz çökdü, qalan üç rayonu və ətraf əraziləri qısa müddət ərzində könüllü olaraq Azərbaycana təhvil vermək barədə öhdəlik götürdü.”

Deputat bildirib ki, ölkə Prezidenti İlham Əliyevin 2020-ci ilin 2 dekabr tarixli Sərəncamı ilə 27 sentyabr tarixi Respublikamızda Anım Günü kimi təsis edildi və artıq biz şanlı qələbəmizə gedən yolun birinci günü olan 27 sentyabr tarixinin birinci ildönümünü qeyd edirik: “Bütün ölkə ərazisində anım tədbirləri keçirilir, şəhidlərimizin əziz xatirəsi yad edilir. Eyni zamanda, ölkə başçımız da Anım Günü münasibətilə xalqa müraciət edərək vacib fikirlər səsləndirmiş, həm ölkə daxilində, həm də ölkə xaricində diqqət izləniləcək, təhlil olunacaq əhəmiyyətli mesajlar vermişdir.”

A.Məmmədov vurğulayıb ki, bu il sentyabrın 28-də Prezident İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsi zamanı da söylədi ki, burada həyata keçirilən bütün layihələr vətəndaşlarımız üçündür: “…Təbii, biz bunu, ilk növbədə, öz vətəndaşlarımız üçün edirik ki, bu bölgəni yenidən quraq və keçmiş məcburi köçkünlər tezliklə oraya qayıda bilsinlər…” Qanları yerdə qalmadığı, qisasları alındığı üçün indi bütün şəhidlərimizin ruhu şaddır. Eyni zamanda, Azərbaycan xalqı çox qürurludur ki, qəhrəman oğulları, qızları var və məhz bu şanlı qələbəni həmin igidlərin şücaəti, fədakarlığı sayəsində qazanmışıq.

Prezident İlham Əliyevin də söylədiyi kimi, bundan sonra dünya durduqca qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, prinsipial və uzaqgörən siyasəti, dövlət və xalqın sarsılmaz birliyi, qəhrəman ordumuzun gücü sayəsində  Qələbə coşqusu yaşayan Azərbaycanın azad edilmiş torpaqlarında indi sürətli quruculuq, bərpa işləri aparılır. Artıq o torpaqlara həyat qayıdır, illər əvvəl dədə-baba yurdlarından didərgin salınan insanlar öz yurdlarına qayıdır.”