“Xalqımıza qarşı etdiklərini ermənilərə öz dillərində başa salmaqda qərarlıyıq” – deputatbackend

Əziz Ələkbərli: “Qərbi Zəngəzura, Dərələyəzə, Göyçəyə və İrəvana da qayıdacağıq və o dədə-baba yurdlarımızın hamısında yaşayacağıq”

Son vaxtlar daha çox müzakirə olunan mövzulardan biri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlıdır. Hesab olunur ki, ilin sonunadək böyük sülh müqaviləsi imzalana bilər. Azərbaycan dövlətinin qətiyyətli və prinsipial mövqeyi ilə artıq qarşı tərəf, həmçinin uzun illərlə işğala və terrora dolayı, yaxud birbaşa stimul, dəstək verənlər də barışmaq zorunda qalıblar.

Azərbaycan birmənalı şəkildə bəyan edib ki, onun niyyəti Qarabağda hər hansı etnik təmizləmə aparmaq deyil, əksinə, Azərbaycan qanunvericiliyini qəbul edən, ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşan və vətəndaş olaraq yaşamağa qərar verən ermənilərə hər hansı problem yaradılmayacaq. Sözsüz ki, burada söhbət Azərbaycana qarşı cinayət törətməmiş şəxslərdən gedir. Dövlətimiz Qarabağdakı ermənilərin Ermənistanla rahat əlaqəsini təmin edə bilmələri üçün rahat yolun çəkilişini də qısa müddətdə başa çatdırdı. Amma Ermənistan bütün bu humanist addımların qarşılığında heç bir addım atmır. Xüsusilə də Ermənistandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının taleyindən bəhs edilmir. Rəsmi İrəvan indiyədək bir dəfə də olsun Ermənistandan zorla qovulmuş azərbaycanlıları öz yurdlarına qaytarmağa hazır olduğunu dilə gətirməyib. Söhbət tarixi Azərbaycan torpaqlarından, Qərbi Zəngəzurdan, İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Vedibasar və digər ərazilərdən gedir.

Mövzumuzla bağlı Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli ilə danışdıq. Qeyd edək ki, dövlətimiz son zamanlar Qərbi Azərbaycan məsələsinə daha həssas yanaşma ortaya qoymaqdadır. Elə vaxtilə Şuşa Şəhər İcra Hakimiyyətinin və Qarabağın Azərbaycanlı İcmasının yerləşdiyi binanın Qərbi Azərbaycan İcmasının istifadəsinə verilməsi də bu diqqətin təzahürüdür. Onu da vurğulayaq ki, hələlik binada bəzi təmir işləri aparıldığından icma yeni ünvana köçməyib. Əziz bəyin “Yeni Müsavat”a  müsahibəsini təqdim edirik:

– Əziz bəy, bir müddət əvvəl demişdiniz ki, Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılmalıdır, çünki bu insanlar heç bir hüquq və imtiyazlardan yararlana bilmirlər. Milli Məclisin payız sessiyasında məsələ həllini tapa bilərmi? Qanun layihəsi hazırlayıb, təqdim etmək niyyətiniz varmı?

– Bəli, mən belə hesab edirəm ki, Qərbi Azərbaycan uğrunda mübarizəmizin yeni mərhələsində Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılmalıdır. Bu, o anlama gəlməməlidir ki, biz 34 ildən sonra insanlara hansısa maddi köməklik edilməsini istəyirik. Xeyr, bu gün o insanların böyük əksəriyyətinin buna heç ehtiyacı da yoxdur. Bu qanun layihəsinə yenidən baxılması ona görə vacibdir ki, Qərbi Azərbaycan qaçqınlarının doğma yurdlarına qayıtması uğrunda mübarizəsi üçün stimul olsun, bu mübarizənin səmərəli aparılmasına yardım etsin. Elə hesab edirəm ki, bununla bağlı Nazirlər Kabineti də müvafiq qərarlar qəbul etməli olacaq.

– Qərbi Azərbaycandan zaman-zaman deportasiyalar həyata keçirilib. Amma belə məlumatlar dad yayılıb ki, bir sıra hallarda sənədlər, faktlar it-bata salınıb. Siz bu işləri sistemləşdirmək, deportasiyaya məruz qalanlarla bağlı arxivlərin araşdırılması, ictimailəşməsi ilə bağlı hansısa təşəbbüslər göstərmək, yaxud bu insanların beynəlxalq məhkəməyə üz tutmasına hüquqi əsaslar yaratmaq üçün hansı addımların atılmasını zəruri sayırsınız? Ümumiyyətlə, bu istiqamətdə işlər görülürmü?

– Mən o fikirlə razı deyiləm ki, sənədlər, faktlar tamamilə yox edilib və artıq hər şeyin sonudur. Bu, iş görmək istəməyənlərin, illər ərzində iş görə bilməyənlərin öz fəaliyyətsizliklərini ört-basdır etmək üçün körüklədiyi ocaqdır. Hamı istəyir ki, otursun isti kabinetində, arxivləri, sənədləri kim isə sinidə hazır şəkildə gətirib qoysun qabağına. Bu, heç vaxt belə olmur. Qərbi Azərbaycan adına 20 il “fəaliyyət göstərən” hər hansı bir təşkilat Qərbi Azərbaycan həqiqətləri ilə bağlı 20 vərəq sənəd ortaya qoya bilmir, əvəzində hamını günahkar sayır. Maraqlıdır, Azərbaycan Qaçqınlar Cəmiyyətinin illər ərzində iş görmədiyini deyənlər bu cəmiyyəti arxivi onlara verməməkdə ittiham edir. Məntiqsizlik ortadadır. Halbuki son iki yüz illik Qərbi Azərbaycan həqiqətlərini ortaya qoymaq, dünya ictimaiyyətinə çatdırmaq üçün bu gün əlimizdə də, arxivlərdə də kifayət qədər materiallar var. Sadəcə, kimlərsə danışmaq əvəzinə, qolunu çirmələyib işə girişməlidir, yaxud bacarmırsa, bir kənara çəkilib iş görənlərə mane olmamalıdır. Təəssüf ki, ömrünü elmə həsr edən, Qərbi Azərbaycanla bağlı onlarla kitabın, yüzlərlə tədqiqatın müəllifləri qalıb bir kənarda, kafe işlədən, dəllallıq edən, öz ailəsinin, nəslinin, kəndinin tarixini bilməyən, yazmayan, tarixləşdirməyən birisi qılıncını siyirib düşüb ortalığa. Qərbi Azərbaycan İcması olaraq, biz Qərbi Azərbaycanla bağlı bütün işləri sistemləşdirmək, deportasiyaya məruz qalanlarla bağlı arxiv materiallarını üzə çıxarmaq, erməni cinayətlərini beynəlxalq məhkəmələrə daşımaq üçün əlimizdən gələni edəcəyik. Bunun üçün icmamızın müvafiq qurumları və kifayət qədər elmi-intellektual potensialı var. Bu işə töhfə verə biləcək hər kəsə də hər cür şərait yaratmağa hazırıq.

– Bir vaxtlar Ermənistandan qovulan insanların pasportlarının yığıldığı və it-bata salındığını demişdiniz. Bu istiqamətdə araşdırmalar nə nəticə verdi?

– Pasportlar qaçqınlarımızın “Ermənistan SSR” vətəndaşlığını və indiki “Ermənistan” ərazisindən deportasiya olunduğunu sübut edən ən etibarlı sənədlərdir. Bu sənədlər Azərbaycanda müvafiq dövlət qurumu tərəfindən əhalidən yığılıb və təbii ki, haradasa saxlanmış olmalıdır. Mən bu sənədlərin məhv edilməsinə inanmaq istəmirəm, çünki bu, birbaşa dövləti cinayətdir. Heç şübhəsiz, Qərbi Azərbaycan İcması bu istiqamətdə araşdırmalarını bundan sonra da davam etdirəcək və nəticəsi barədə biz ictimaiyyətə məlumat verəcəyik.

“Azərbaycanda – Qarabağdakı 15-20 min separatçı erməninin hüquqlarından bəhs edirlər, amma 1988-1991-ci illərdə Qərbi Azərbaycandakı dədə-baba yurdlarından vəhşicəsinə qovulmuş 300 minədək azərbaycanlının pozulan hüquqlarından qətiyyən danışmırlar”

 – Bu aylarda Ermənistan və Azərbaycan arasında danışıqlar fasilələrlə davam edir. Xankəndi və digər ərazilərdə yaşayan ermənilərin Ermənistanla əlaqəsini təmin etməkdən ötrü Azərbaycanın dövlət büdcəsi hesabına yol çəkildi. Amma hələ də Ermənistandakı dədə-baba yurdlarından didərgin salınan 300 minədək azərbaycanlının pozulan hüquqları, öz yurdlarına qayıdışı barədə məsələ masada müzakirə mövzusu deyil. Siz bu barədə nə deyə bilərsiniz?

– Azərbaycan qalib dövlət olsa da, dövlət başçımız növbəti dəfə humanistlik göstərərək, 1988-ci ilə qədər Azərbaycanda yaşamış ermənilərə Azərbaycan vətəndaşlığını qəbul edərək vətəndaşlarımızla bərabər hüquqda qalıb yaşamaq şansı verdi. Hələ üstəlik, onların Ermənistanla əlaqə yaratması üçün yol inşa etdik. Bunu düşmənçilik mövqeyində qalmaqda olan məğlub bir dövlət və məğlub bir xalq üçün heç bir qalib dövlət və qalib Prezident etməzdi, lakin biz etdik. Amma Ermənistandan və ermənilərdən heç vaxt belə bir humanizm və insanlıq görməmişik və əmin olun ki, bundan sonra da görməyəcəyik. Çünki qarşımızdakı mənəvi dəyərləri terrorçuluq, faşizm, vəhşilik üzərində qurulmuş bir toplum – ermənilərdir. Azərbaycanın bu qədər humanistliyinin qarşılığında hələ də ermənilər köhnə zurnalarında nimdaş havalarını çalmaqda davam edirlər. Azərbaycanda – Qarabağdakı 15-20 min separatçı erməninin hüquqlarından bəhs edirlər, amma 1988-1991-ci illərdə Qərbi Azərbaycandakı dədə-baba yurdlarından vəhşicəsinə qovulmuş 300 minədək azərbaycanlının pozulan hüquqlarından qətiyyən danışmırlar. Son yüz ildə Qarabağda tikdikləri kilsələrə görə dünyaya hay-küy salırlar, amma “Ermənistanda” son iki yüz ildə məhv etdikləri yaşı min illərlə ölçülən saysız-hesabsız Azərbaycan mədəni və tarixi irs nümunələrindən qəti olaraq söz açmırlar. Amma bunun da bir həddi var və Qərbi Azərbaycan İcması olaraq son iki yüz ildə xalqımıza qarşı etdiklərini ermənilərə onların öz dilində başa salmaqda qərarlıyıq və başa salacağıq.

– Daha da konkretləşdirsək: ermənilər Xankəndidə yaşayırsa, azərbaycanlıların Qərbi Zəngəzurda, İrəvanda və Göyçədəki tarixi yurdlarında yaşamaq haqqı da tanınmalıdır, elə deyilmi? Əks halda, birgəyaşayışdan danışmaq mümkündürmü?

– Əlbəttə, tanınmalıdır və tanınacaqdır. Qərbi Zəngəzura da, Dərələyəzə də, Göyçəyə də və İrəvana da qayıdacağıq və o dədə-baba yurdlarımızın hamısında yaşayacağıq. Buna hər kəs əmin olsun və ermənilər də indidən bunu nəzərə alsın. Bəli, birgəyaşayış birtərəfli ola bilməz, bu gün ermənilər Azərbaycanda yaşayır, Türkiyədə yaşayır, Gürcüstanda, Rusiyada yaşayır, amma bu ölkələrin heç birinin xalqı Ermənistanda yaşamır, yaşaya bilməz. Ermənilər belə hesab edir ki, “Ermənistanda” ancaq ermənilər yaşamalıdır. Bu, onların xəstə bir toplum olduqlarını bir daha təsdiq edir və onları məhvə sürükləyir.

– Qərbi Azərbaycandan olan tanınmış ziyalı, millət vəkili kimi nə düşünürsünüz, tarixi yurdlara qayıtmaq üçün beynəlxalq aləm qarşısında indiyədək qaldırılan tələblərdən savayı daha nələrin edilməsi zəruridir?

– Biz Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, erməni saxtakarlıqlarını, erməni yalanlarını faktlarla, sənədlərlə, sübutlarla sonadək ifşa etmək üçün yorulmadan çalışacağıq. Son iki yüz ildə Cənubi Qafqaz, son 30 ildə Azərbaycan və Qarabağ həqiqətlərinə kar və kor olan dünya səsimizə nə qədər səs verəcək – bundan asılı olmayaraq biz mübarizəmizi son nəfərimizə və son nəfəsimizə qədər davam etdirəcəyik.

Elşad