“Xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid olarsa…” – Nazirbackend

“Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə Azərbaycan tarixinin şanlı səhifəsini təşkil etməklə yanaşı, bölgədə yeni reallıqlar yaratmış, Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş, bir milyona yaxın azərbaycanlının pozulmuş fundamental hüquqları bərpa edilmiş, tarixi ədalət bərqərar olmuşdur”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Azərbaycan Prezidentinin 24 sentyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyasında qeyd etdiyi kimi, “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir”.

Prezident İlham Əliyev BMT Baş Assambleyası kürsüsündən birmənalı şəkildə bəyan etmişdir: “Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini bundan sonra da dünya müstəvisində qətiyyətli şəkildə müdafiə edəcək və beynəlxalq sərhədlərimiz çərçivəsində ölkəmizin, xalqımızın inkişafına yönəlmiş səyləri davam etdirəcəkdir. Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olacaq. Əks təqdirdə yenidən Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid olarsa, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik”.

Hər bir dövlətin daxili və xarici siyasətinin uğurunun təməlində, ilk növbədə, xalqın birliyi və xalqın dəstəyi dayanır. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyinin və inamının ən bariz göstəricisi olmuşdur”, – deyə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bildirib.

“Prezident İlham Əliyev böyük Zəfərin əldə edilməsi ilə bağlı xalqa ünvanladığı müraciətində bunu çox aydın şəkildə ifadə etmişdir: “Mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi – yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla!”

Əminik ki, təməlində milli maraqların dayandığı Azərbaycan xarici siyasəti bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə töhfəsini verəcək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqının birliyinə əsaslanan uğurlu xarici siyasəti ölkəmizə yeni-yeni zəfərlər bəxş edəcəkdir”, – Ceyhun Bayramov vurğulayıb.