“Xankəndi və ətrafı məsələsində Kremlin istəkləri ilə Bakının mövqeyi heç vaxt üst-üstə düşməyəcək”backend

“Azərbaycan böyük sülh sazişinin bağlanmasını istəyir və kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşdirilməsi və Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə inteqrasiya edilməsi üçün fəaliyyət planının təsdiqinin eyni müqavilədə təsbit edilməsində israr edir. Ermənistan isə kommunikasiyalar açıldığı halda belə “Zəngəzur dəhlizi” ifadəsinin rəsmi sənədlərdə təsbit edilməməsini, sərhədlər dəqiqləşdirilsə də, 26 illik işğalın yaratdığı reallıqların da nəzərə alınmasını və Xankəndi və ətrafında yaşayan erməni icmasının statusunun ayrıca danışıqlar mövzusu olmasını və bu məsələnin sülh sazişinə salınmamasını istəyir”.

“Yeni Gündəm” verir ki, bunu REAL Partiyasının funksioneri Natiq Cəfərli deyib.

O bildirib ki, Rusiya da kommunikasiyalar açılmasını istəyir, çünki öz hərbi bazalarının təminatını Azərbaycan üzərindən dəmir yolları vasitəsi ilə asan, ucuz və sürətli həyata keçirə bilər: “Həmçinin Kreml üçün həmin yolun necə adlandırılmasının elə də böyük əhəmiyyəti yoxdur. Bundan başqa, sərhədlərin dəqiqləşdirilməsi məsələsində də Kreml maraqlıdır, amma sərhədləri çəkəcək qələmin Putinin əlində olmasını istəyir, çünki belə olan halda, hər iki ölkə onun bütün tələblərini yerinə yetirəcək. Rusiya, eyni zamanda Xankəndi və ətrafında yaşayan erməni icmasını özünə bağlamaq, status məsələsini diri tutaraq Azərbaycanın başı üzərindən “Damokl qılıncını” əskik etməyərək rəsmi Bakının nəzarətdən kənar addımlardan çəkindirmək üçün isə Xankəndi məsələsini sülh müqaviləsinə salmadan ayrıca danışıqlar mövzusuna çevirmək istəyir. Kommunikasiya məsələsinin həllinin hər 3 tərəfin marağında olduğunu nəzərə alsaq, deməli, bu məsələ daha əvvəl həll oluna bilər. Sadəcə olaraq, Azərbaycan və Ermənistanın bu məsələdə üstün olmaması üçün yollar Kremlin şərtləri ilə açılacaq.  Həmçinin sərhədlərin dəqiqləşdirilməsi məsələsi də həll oluna bilər, belə olan halda, Rusiya bütün sərhəd boyu öz qoşunlarını dərhal yerləşdirəcək, Ermənistanda olan ordu sayını artıracaq, bununla da İrəvanın Qərbə doğru istənilən addımları bloklanacaq”.

N.Cəfərli əlavə edib ki, Ermənistan və Rusiya Xankəndi və ətrafında yaşayan erməni icması ilə bağlı məsələləri uzatmağa, sülh sazişindən kənara çıxartmağa çalışır: “Bu məsələdə bizim siyasi və diplomatik əlimiz zəif görünür, amma Ermənistan və Rusiyanın Xankəndiyə baxışları fərqlidir. Rəsmi İrəvan bu problemi siyasi və iqtisadi olaraq tamamən öz üzərindən atmağa, Moskvaya yükləməyə çalışır. 2022-ci ildə Ermənistan büdcəsinin az qala 10 faizi, təqribən 290 milyon dollar Xankədiyə verilməlidir, lakin İrəvan bunu istəmir, xərci də, məsuliyyəti də Moskvaya yükləmək istəyərək bu məsələdən kənara çəkilməyi düşünür. Rusiya isə nə Ermənistana, nə də Azərbaycana sonuna qədər güvənmir, çünki günün birində İrəvanla Bakı anlaşa bilər, buna görə də, öz “rusməramləlarının” Xankəndi və ətrafında qalmasını təmin etmək üçün bu gün de-facto tanıdığı qondarma rejimi, elə bir vəziyyət yarananda de-jure tanıya bilər. Həmin qondarma rejimin dəvəti, erməni icmasının ricası

ilə daim orda qalmağı düşünür. Yəni, özləri üçün hüquqi baza yaradırlar, Xankəndi və ətrafında yaşayan erməniləri iqtisadi və təhlükəsizlik məsələsində özlərindən asılı vəziyyətə salırlar. Bu gün Xankəndi və ətrafında yaşayan ermənilərin böyük bir qismi Rusiyadan dolanlama başlayıb”.

Vəziyyətin qəliz və təhlükələrlə dolu olduğunu vurğulayn N.Cəfərli bildirib ki, bu məsələdəAzərbaycan hakimiyyətinin üzərinə böyük məsuliyyət düşür.

“Primitiv idarəetmə sistemi ilə bu təhlükələri dəf etmək, basqıları amortizasiya etmək mümkün deyil! Bunu anlamalıdırlar, çünki mövzu dövlətimizdir. İqtidar anlamalıdır ki, günün birində Kremlə sözünü demək zamanı yetişəcək. Bunun alternativi yoxdur, çünki Xankəndi və ətrafı məsələsində Kremlin istəkləri ilə Bakının mövqeyi heç vaxt üst-üstə düşməyəcək. Həmin vaxt dövlətin təməlləri güclü, institutları dayanıqlı, ittifaqlarımız güvənilən olmalıdır. Yəni, bugünkü primitiv idarəetmə modeli təklükələri amortizasiya etmək üçün yetərli deyil. Təəssüf ki, hətta sülh sazişi imzalansa belə hələ uzun müddət döyüşə tam hazır vəziyyətdə olmalı, itkiləri gözə almalıyıq. Coğrafiyamız bizi İsrail kimi bir ölkə qurmağa məcbur edir, bunu bacarmalıyıq, başqa yol yoxdur”, deyə N.Cəfərli əlavə edib.