Xankəndidəki güllə səslərinin izi ilə: Bakı yeni “Miatsum”u beşiyində boğacaq!backend

Ermənistanda artıq bir müddətdir ki, müxalifətin etiraz aksiyaları davam edir.

Ölkədə hökm sürən vəziyyət isə birbaşa olaraq regiondakı sülh prosesini ləngitməyə, gərginlik yaratmaqla prosesə əngəl olmağa hesablanıb. Ancaq radikal millətçi və şovinist qrupların arxasında dayandığı aksiyalar gözlənilən rezonansı doğura bilmir. Bunun əsas səbəbi erməni xalqı arasında müxalifətin umduğu dəstəyi ala bilməməsi və yerli hakimiyyətin prosesə sərt müqaviməti olub.

Təbii ki, bu mənzərənin arxasında Azərbaycanın Ermənistana verdiyi tarixi dərsin də təsirləri az deyil. Görünür, bir çox erməni 44 günlük müharibə ilə Azərbaycan qarşısında necə aciz vəziyyətə düşdüklərini, Azərbaycan dövlətinin və xalqının birliyinin yaratdığı güc qarşısında heç bir şanslarının olmadığını anlamağa başlayır, ən azından, düçar olduqları dəhşətli qorxu onları buna vadar edir.

Bir sözlə, yeni “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası. Bu ideyanı ortaya atan erməni millətçiləri buna “Miatsum” (ermənicə birləşmə) adı vermişdilər – red.) dalğası başlatmağa cəhd edənlərin planları elə Ermənistanın özündəcə yolunda getmir.

Belə olan halda isə Azərbaycana qarşı radikal fikirlərin və separatçı meyillərin baş aldığı aksiyaların təşkilatçıları yeni oyunlara əl atmağa məcbur olurlar.

Məsələn, mayın 10-da Xankəndidə baş vermiş atışmanı bu cəhdlərin, bəlkə də, ilk qığılcımı hesab etmək olar. Əslində, kənardan baxdıqda adi bir kriminal xəbəri xatırladan bu hadisənin arxasında olduqca məkrli planlar yatır.

Xankəndidə sonradan erməni general-mayor Samvel Karapetyanın törətdiyi üzə çıxan hadisə zamanı sözügedən şəxs dörd nəfərə atəş açıb.

Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində baş verən hadisələri yada salsaq, bu əhvalatın oxşar ssenari üzrə inkişaf etdiyini görə bilərik. Ermənilər yenidən Qarabağın öz qondarma iddialarının mərkəzinə çevrilməsi məqsədilə hansısa separatçı, radikal və region üçün destruktiv proseslərə təkan verə biləcək addımlara cəhd edirlər, regionda Azərbaycan ərazilərindən xaos başlatmağa çalışırlar.

Ermənilərin gərginliyi Qarabağa köçürmək cəhdi, əslində, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş sülhməramlıların fəaliyyətindəki müəyyən nöqsanlardan da irəli gəlir. Ancaq erməni separatçı-şovinistlərin unutduğu bir məqam da var…

Qarabağ Azərbaycan torpağıdır və dövlətimiz burada hər-hansı kənar müdaxilənin, gərginliyin olmasına heç bir şəkildə icazə verməyəcək. Üstəlik, xatırlatmaq gərəkdir ki, sülhməramlı kontingentin Azərbaycan ərazilərindəki fəaliyyəti də müvəqqətidir. İstənilən şəraitdə isə Qarabağda baş verən bütün proseslər Azərbaycan dövlətinin birbaşa nəzarətindədir.

Ermənistanda Nikol Paşinyanı devirərək yenidən hakimiyyətə gəlmək təşəbbüsünün arxasındakı şəxslər hər kəsə bəllidir. Burada məqsəd “Miatsum” tezisini yenidən aktivləşdirməklə yarana biləcək istənilən gərginlikdən maksimum istifadə etməkdir.

Ölkədə planları güc strukturlarının “şillə-təpiyi” ilə üzləşən erməni müxalifəti Qarabağı “hədəfə almaq”la növbəti tarixi səhvin astanasındadır…

Bu tarixi səhv isə onların pafoslu nitqlərinin, hətta cəfəng ideologiyalarının sonu ola bilər.

Ermənilər unutmamalıdırlar ki, regionda söz sahibi dövlət Azərbaycandır. Azərbaycanla isə nəinki hansısa şovinist-separatçı qruplar, heç Ermənistan dövləti, onun ordusu və çox güvəndiyi erməni diasporu belə baş-başa gələcək nə resurs, nə nüfuz, nə də gücə sahibdir. Azərbaycan dövləti hazırda sülh prosesinin reallığa çevrilməsi və davamlı olması üçün səylərini əsirgəmir. Ancaq özünün qırmızı xətlərini də açıq-aşkar bildirməkdən də çəkinmir.

Ermənistanda hansısa qruplar arasında gərginlik Bakı tərəfindən diqqətlə izlənilsə də, Azərbaycan üçün prioritet təşkil etmir. Başqa sözlə, Ermənistanın daxili problemləri Azərbaycan üçün o qədər də önəmli deyil, ancaq bu prosesləri Qarabağa daşımaq istəyi – bax, bu, Azərbaycanın toxunulmaz qırmızı xətlərindəndir.

Əzəli Azərbaycan torpağında gərginlik olmasına Azərbaycan dövləti heç zaman imkan verməyəcək. Buna cəhd edənləri isə ən sərt şəkildə cəzalandırmaqdan bir an belə çəkinməyəcək. Yeni “Miatsum”, “oyanış” tezisini isə elə beşiyindəcə cəhənnəmə vasil edəcək!

Azərbaycan öz torpaqları ilə bağlı başqaları üçün hədləri özü müəyyən edir. Həddini aşanlara isə lazımi dərsi vermək iqtidarındadır! Əgər Ermənistanda hansısa qüvvələr unutqanlıq nümayiş etdirməyə çalışırsa, onlara yaxın tarixi xatırlatmaq heç çətin olmayacaq.

Azərbaycan sülh üçün bütün cəhdlərini göstərir, ancaq başqa dildən anlayanları da onların anladıqları dildə başa salmaq qüdrətinə sahib bir dövlətdir. Hansı dildə danışmaq istəmələri isə artıq ermənilərin özlərinə qalmış məsələdir…

Oxu.az