“Xarıbülbül” beynəlxalq musiqi kompozisiyası… – Della Miles Qoçaq Əsgərovla birgə duet oxuyacaqbackend

Dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Miles Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə avqustun 1-dən 7-dək Azərbaycanda olacaq.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Əməkdar artist, BAMF-nin Mədəniyyət elçisi Qoçaq Əsgərov məlumat yayıb.
Qoçaq Əsgərov bildirib ki, Della Milesin Bakı səfərinin əsas məqsədi 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan Qarabağ torpaqlarına səfər etmək, erməni vandalizmi ilə yerində tanış olmaq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsərini ifa etməsidir. “Xarıbülbül” musiqi əsərinin müəllifi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr laureatı, bəstəkar Tural Məmmədlidir.

Qeyd edək ki, amerikalı müğənninin bir neçə ay öncə Azərbaycanın Qarabağ Zəfərinə həsr etdiyi “Qarabağ Azərbaycandır” adlı klipi işıq üzü görüb. Della Milesin bu səfəri zamanı həmin klipin də təqdimatı planlaşdırılır.

Qeyd edək ki, amerikalı müğənni ABŞ-ın Texas ştatında musiqiçi ailəsində dünyaya gəlib. Gənc yaşlarında Los-Ancelesə köçüb. O, burada Michael Jacksonun məşhur “Sisterella” musiqili tamaşasının baş qəhrəmanı olan “Ella” obrazını canlandırıb. Tamaşadakı ifası ilə məşhurlaşan Miles sonralar Michael Jackson və Vhitney Houston başda olmaqla bir çox müğənnilərin vokalçısı olub. Hazırda Türkiyənin İstanbul şəhərində yaşayır.

Ayşən Rəhim