“Xaricdə bir nəfərin aldığı maaşla biz bir il serial çəkirik”backend

Həm dünyada, həm də yerli televiziyalarda ən çox izlənilən seriallar olur. Lakin serialların reytinq qazanması peşəkar rejissor, aktyor və yardımçı işçi heyəti tələb edir. Bəs, Azərbaycanda serialların vəziyyəti nə yerdədir? Son günlər bir çox orta yaşlı aktrisa yerli seriallara dəvət almamasından gileylənir. Mövzu ilə bağlı Yenisabah.az-a danışan rejissor, “SOY” prodakşnın rəhbəri Oqtay Əliyev bu yanaşmanın doğru olmadığını bildirib: “Naibə Allahverdiyeva yerli seriallara çəkilib, elə Elməddin Cəfərovun seriallarına da çəkilib, Xəzər telekanalında da onu görmüşəm. Onun seriallara çəkilməməsindən gileylənməsi düzgün deyil. Yəqin ona uyğun olan hər hansı rol olarsa, mütləq çəkəcəklər, niyə çəkməsinlər? Burada heç bir problem yoxdur. Sadəcə qeyri-standart çəkilişlər olur, elə olur ki, səhər tezdən çəkiliş başlayır evə gecə saatlarında gedirlər. Məsələn, adi bir misal deyəcəyəm, hazırda ARB telekanalında efirə gedən “Qaratikan” serialının çəkilişi səhər saat 7-də başlayıb, gecə saat 1-də bitir. Özü də çəkilişlər evlərdə, küçədə-bacada, parklarda aparılır, bəzən soyuq hava şəraiti olur, yaşlı nəslin nümayəndələri isə buna dözmürlər. Ona görə də seriallarımızda cavanlar daha çoxdur. İkinci bir məsələ isə vaxtla bağlıdır, həmin aktyor, aktrisaların tamaşaları, məşqləri və s. olur”.

Rejissor yerli serialların çox az büdcə ilə ərsəyə gəldiyini bildirib:

“Digər bir məsələ qonorarlarla bağlıdır. Bilirsiniz ki, bu gün Azərbaycanda çəkilən serialların yarısı öz gücünə, yəni sponsor hesabına, yarısı da az miqdarda kanal tərəfindən maliyyələşir. O da elə puldur ki, aktyor, aktrisalar arasında bölüşdürəndə onlara Türkiyə, Rusiya qonorarı düşmür. Bu, bizdə alınmır, çünki büdcə o deyil.

“Yaxşı seriallar çəkilmir” deyənlər nəzərə almalıdırlar ki, yaxşı serial üçün yaxşı pul vermək lazımdır. Bu gün Azərbaycanda çəkilən hər hansı bir serialın bir sezonunun pulu Türkiyədə rejissor köməkçisinin aldığı bir aylıq maaşıdır. Yəni xaricdə 1 nəfərin aldığı aylıq maaşı biz bir illik serial çəkiminə xərcləyirik. Onda nədən danışırsınız? Nəzərə alın ki, nələri qısmalı oluruq, ona imkan yoxdur, buna imkan yoxdur deyə-deyə serial çəkirik. Yaxşı maliyyə olandan sonra biz də türklərin etdiyi kimi Cənubi Koreya seriallarından ssenarini alıb onu adaptasiya edib, gözəl çəkə bilərik. Biz də gözəl evlər tutub, gözəl geyimlərlə keyfiyyətli iş ortaya qoyarıq. Biz qaçaqaçla serialı çəkirik, amma xaricdə belə deyil. Onlar sentyabrda serialı yayımlamağı planlaşdırırsa, may ayından artıq çəkimlərə başlayırlar, 1 həftəyə bir bölüm çəkirlər. Biz isə dekabr ayının 1-i çəkimlərə başlayırıq, deyirik ki, 31-nə hazır olsun. Çünki maliyyə yoxdur, iqtisadi cəhətdən özəl kanallarda vəziyyət həqiqətən çox ağırdır. Bu gün kanallara reklam verənlər çox azdır. Bunun da səbəbi ondan ibarətdir ki, əhali rus kanallarına da, türk kanallarına da baxır. Türkiyəyə baxan əhali orada reklam olunan məhsulu gedib alır, Rusiyaya baxan da oradakını. Bu olmasa, məhsul yiyəsi reklamı Azərbaycan bazarına verər, pul da bizim telekanallara, radioya, mətbuata gələr”.