“Xəstə olmaya-olmaya dərmanları alıb yığırlar evə…” – Deputatbackend

“Açığı, bilmirəm, doğrudan da belədir ya yox. Camaat təşvişə düşüb, üstəlik də, xəstə olmaya-olmaya dərmanları alıb yığır evə. Sanki aptekdən hər şeyi almaq istəyirlər. Koronavirus virus mənşəlidir və getdikcə mutasiya edir. İnsanların aldığı bəzi dərmanlar müalicə zamanı lazım deyil”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib . O apteklərdə dərmanların çatışmazlığı ilə bağlı məlumatının olmadığını qeyd edib.

Deputat paytaxtda koronavirusla mübarizədə istifadə edilən dərmanların tamamilə olmadığını düşünmür: “…Çeşidlər çoxdur. Dərmanlar da elə dərmanlar deyil ki, tapmaq mümkün olmasın. Amma yenə də məsələ ilə bağlı hər hansı şikayətlər varsa, aidiyyəti qurumlar həmin məsələ ilə maraqlanmalıdır. Həmin qurumlar apteklərdə monitorinq edə bilərlər”.

M.İbrahimqızının vurğulanmasına görə, elə dərmanlar var ki, onu xəstəyə vermək məsləhətli deyil: “Bunu təşvişlə qarşılamaq lazım deyil… Lakin adamlar yenə də həmin dərmanları alır, evə doldurur. Bütün dünyada bu xəstəlik gözlənilmədən peyda olub, hətta ən zəngin ölkələr buna hazır deyildi. Ona görə müəyyən xırda problem yaşanır. Dərman bu gün yoxdursa, sabah mütləq olacaq. Mənə elə gəlir ki, bunu təşvişlə qarşılamaq lazım deyil, amma yenə də hər ehtimala qarşı müvafiq qurumlar apteklərdə monitorinq etsələr, yaxşı olar”.Turan