Xəstə ölür, TƏBİB isə tabe xəstəxanalara söz keçirə bilmirbackend
Ölkə səhiyyəsinin ölümcü vəziyyəti hər gün neçə-neçə insanı diri-diri məzara aparır. Tikilən xəstəxanalar, o xəstəxanalara alınan milyon manatlıq tibbi avadanlıqlar isə çox az adamı həyata qaytarır. Onların sayı bəlkə də iki əlin barmaqlarının sayından da çox deyil. Səhiyyə Nazirliyi, TƏBİB və bu istiqamətdə hər gün göbələk kimi artan qurumlar insanların zarıltısını eşitmir. Və yaxud da eşitmək istəmirlər, ötür-ötür oyunu oynayırlar. Bunların oyunlarının qurbanı olan xəstələr isə bir-bir can verir. Bu faktı müşahidə etmək üçün isə dövlət tibbi müəssisələrinin qarşısına getmək, olanları seyr etmək kifayətdir.

Bu xəstələrdən biri də 1983-cü il təvəllüdlü Ağayeva Bəsirə Əli qızıdırı. O, 14 may saat 22:00-da komatoz vəziyyətdə Respublika Klinik Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib. Diaqnoz qoymaq üçün lazım olan komüter tomoqrafiyası (KT) mərkəzdə olmadığı (?!) üçün xəstəyə lazım olan ilkin tibbi yardım 6 saat gecikdirilib. Belə olan halda isə xəstənin vəziyyəti daha da ağırlaşıb. KT üçün özəl müəssisəyə göndəriş isə düz 8 saat gecikdirilib. Saat 22:00 Respublika Kliniki Xəstəxanasına gətirilən xəstə növbəti gün yəni 15 may tarixində, günorta saat 15:00-da öz hesabına KT olunub. Yəni İcbari Tibbi Siğorta KT-nı qarşılamayıb. Xəsətənin vəziyyətinin ağır, xidmətin isə zəif olduğunu görən ailə onu özəl müəssisəyə yerləşdirmək qərarına gəlib.

Saytımıza şikayət edən Ağayevlər ailəsi bildirir ki, artıq 12 gündür xəstəni “Medical Plaza”da yerləşdiriblər və hər gün üçün 2000-2500 manat vəsait ödəyirlər:

“Xəstəyə lazım olan reanimasyon tədbirlər görülüb. “Medical Plaza”dan deyirlər ki, xəstəni dövlət müəssisəsinə köçürmək olar. Dövlət xəstəxanaları isə bizi qəbul etmir, bəhanələri də odur ki, guya yerləri yoxdur”.

Şikayətçi qeyd edir ki, bu barədə lazımı instansiyalara məlumat veriblər:

“Uç gündür xəstəni yerləşdirə bilmirik. Onu müalicə edən reanimatoloq məsləhət görür ki, belə vəziyyətdə xəstə ya Klinik Tibbi Mərkəzə, ya da Neyrocərrahiyyə İnstitutuna yerləşdirilməlidir. Hər iki müəssisə isə xəstədən imtina edir. Məsələylə bağlı İcbari Tibbi Sığortanın “Qaynar xətti”nə, TƏBİB-ə və ən sonda isə Ombudsman Aparatının “Qaynar xətti”nə müraciət etmişik. Müraciətimizə baxan yoxdur, sanki bura ölkə deyil, cəngəllikdir…”

Ağayevlər ailəsi bildirir ki, xəstəni yerləşdirmək üçün ağırlıq dərəcəsi nəzərə alınmalıdır:

“Bizə təklif etdikləri Məlikov adına 6 saylı Şəhər Xəstəxanasında isə belə vəziyyətdə olan xəstəyə xidmət yoxdur. Əgər olsaydı ilk apardığımız yer elə Respublika Kliniki Xəstəxanası idi və 6 saat müddətində heç bir yardım olunmadı, əksinə xəstənin vəziyyəti daha da ağırlaşdı. İndi bizim bir çıxış yolumuz qalır: xəstəni aparıb Prezident Aparatının qabağına qoyaq, bəlkə onda reaksiya verdilər”.

Gördüyünüz kimi, bu hekayət hələ bir xəstənin nümunəsində ölkə səhiyyəsinin başımıza açdığı müsibətdir. Bəlkə də neçə-neçə bəsirələr indi xəstəxana çarpayılarında ölümlə çırpışır.

Allah xəstəyə şəfa, səhiyyə başbilənlərinə isə insaf versin.

Yusif Əli
XəzərNews.az