Xəzər TV-dən Xoşqədəm Baxşəliyeva ilə bağlı AÇIQLAMAbackend

Xəzər TV sosial şəbəkələrdə Xoşqədəm Hidayətqızı ilə bağlı yayılan fikirlərlə əlaqədar açıqlama yayıb.

“Yeni Gündəm” həmin açıqlamanı təqdim edir:

Məlum olduğu kimi bir aydan çoxdur ki, ikinci Qarabağ savaşı – Vətən müharibəsi davam edir. Bu tarixi dövrdə ordumuza ümumxalq dəstəyinin, möhtəşəm ümummilli birliyin şahidi oluruq.

“Xəzər Media Holdinq” olaraq biz də bu birliyə öz töhfəmizi vermək məqsədilə efir yayımımızı vətənpərvərlik, ümummilli birliyə çağırış, müzəffər Azərbaycan Ordusuna dəstək, dövlət və xalqın həmrəyliyi üzərində qurmuşuq. Efirimizdə mövcud şəraitlə bağlı yayımlanan verilişlərdən biri də Azərbaycanın əməkdar jurnalisti Xoşqədəm Baxşəliyevanın təqdimatında “Atəş xətti” verilişidir. Verilişə qonaq qismində dəvət olunan ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimlər, dövlət rəsmiləri, mədəniyyət nümayəndələri mövcud vəziyyətlə bağlı dəyərli fikirlərini ictimaiyyətlə bölüşürlər.

Lakin, təəssüf ki, son günlər aparıcı Xoşqədəm Baxşəliyevaya qarşı sosial mediada və bəzi xəbər saytlarında qarayaxma kampaniyaları aparılmaqdadır. Belə ki, 30.10.2020-ci il tarixində yayımlanan “Atəş xətti” verilişində X.Baxşəliyevanın Azərbaycanda mövcud olan milli azlıqlarla bağlı ayrı-seçkilik salması iddia olunub.
Məlumat üçün bildirmək istərdik ki, “Xəzər TV”nin Efirə Nəzarət Qrupu mütəmadi olaraq yayımı nəzarətdə saxlayır və müvafiq tədbirlər görür. Lakin səslənən iddialar nəzərə alınaraq “Xəzər TV”nin Efirə Nəzarət Qrupu qeyd olunan yayımla bağlı yenidən araşdırma aparıb. Araşdırma zamanı X.Baxşəliyevanın fikirlərinin təhrif olunduğu, ona qarşı yönələn iddiaların əsassız olduğu məlum olub. Belə ki, qeyd olunan iddialar heç bir real fakta, görüntüyə əsaslanmayan uydurmalardır. Bundan əlavə qeyd etmək istərdik ki, yayımlanan bütün verilişlər video platformalar üzərində tam olaraq yerləşdirilir. İzləyicilər özləri də həmin platformalara daxil olaraq yayımlanan verilişləri təkrar, heç bir montaj və müdaxilə olmadan izləyə bilərlər.
“Xəzər Media Holdinq” olaraq bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu tərəfindən möhtəşəm qələbələr yaşadığımız bir dövrdə milli birliyimizə kölgə salmaq məqsədilə səsləndirilən bu iddialar təxribat xarakteri daşıyır. Bu səbəbdən də izləyicilərimizi həm də informasiya müharibəsində olduğumuz dövrdə maksimum diqqətli olmağa, sosial şəbəkə platformalarında bu cür əsassız məlumatları paylaşmamağa çağırırıq.

Bununla belə, “Xəzər TV”də yayımlanan verilişlərlə bağlı xoşagəlməz hallar olarsa, real faktları və görüntüləri [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. Sizi əmin edirik ki, təqdim olunan faktlar tərəfimizdən tam araşdırılacaq və ehtiyac olduğu təqdirdə müvafiq addımlar atılacaq.