Xilasedicilərimiz Türkiyədə Azərbaycan bulvarı küçəsində dağıntılar altında qalmış 6 nəfərin meyitini çıxarıbbackend

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Azərbaycanın xilasediciləri səhər saatlarından başlayaraq təbii fəlakətin qeydə alındığı yerdə axtarış işləri aparır.

Hazırda FHN əməkdaşları zəlzələ zamanı şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsi, “Gökan apartmanı” adlı 8 mərtəbəli binanın dağıntıları altında qalmış şəxslərin sağ çıxarılması və nəticələrin aradan qaldırılması istiqamətində səylər göstərir.

Əraziyə dağıntılar altında qalmış şəxslərin yaxınları da gəlib. Onlar yaxınlarının hansı evdə, hansı otaqda qaldıqlarını göstərirlər.

FHN əməkdaşları Azərbaycan bulvarı küçəsi, “Gökan apartmanı”nda dağıntıları altında qalmış şəxsin meyitini aşkarlayıb.

İlkin məlumata görə, Azərbaycanın xilasediciləri Kahramanmaraşda dağıntılar altında qalmış ümumilikdə 6 şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib./Report