Xocalı soyqırımının anım günü “Relax”-da diskoteka olacaq – FOTObackend

Deputat İqbal Məmmədova məxsus Lerikdəki “Relax” İstirahət Mərkəzi fevralın 26-sı və 27-də xüsusi kampaniya elan edib.

“Yeni Gündəm” xəbər verir ki, artıq bir neçə gündür İstirahət Mərkəzinin rəsmi səhifəsində bununla bağlı elan yerləşdirilib. Həmin elanda qeyd edilir ki, “Relax” fevralın 26 və 27-si, həftə sonu ilə əlaqədar kampaniya keçirir. Kampaniyaya bir gecə, iki gün olmaqla yanaşı, uşaqlar üçün əyləncələrin təşkili, konsert proqramı, diskoteka və digər əyləncələr nəzərdə tutulub. Bunun üçün isə 79 manat pul ödənilməsi lazımdır.

Kampaniyanın həqiqi olub-olmadığı ilə bağlı “Relax”ın nümayəndəsi ilə telefon əlaqəsi saxlayan Asiya.az-ın əməkdaşına bildirilib ki, belə bir proqram nəzərdə tutulub və İstirahət Mərkəzində yerləşmək üçün əvvəlcədən rezerv etmək lazımdır. O, qeyd edib ki, diskotekaların, konsertlərin və uşaq əyləncələrinin təşkili üçün bütün tədbirlər görülüb.

Məsələ ilə bağlı “Relax” İstirahət Mərkəzinin sahibi, deputat İqbal Məmmədovla da əlaqə saxlanılıb. Deputat bildirib ki, “Relax İstirahət mərkəzinə mənim heç bir aidiyyətim yoxdur”.

Qeyd edək ki, fevralın 26-sı hər il Azərbaycanda Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Hər il dövlət başçısı və ailə üzvləri daxil olmaqla, bütün hökumət və ictimai-siyasi kəsim, habelə ölkə əhalisi Xətai rayonu ərazisində yerləşən “Xocalı” abidəsini ziyarət edirlər. Bundan başqa, bütün dünyada yaşayan azərbaycanlılar hər il fevralın 26-da yaşadıqları ölkələrdə Xocalı soyqırımını qeyd edir, bunun üçün yürüşlər və aksiyalar təşkil edirlər. Lakin görünən və bilinən odur ki, İstirahət Mərkəzi məhz fevralın 26-da əyləncə proqramı təşkil etmək və xüsusi endirimlər müəyyənləşdirmək fikrinə düşüb.

Cəmiyyətdə “Relax”da 26 fevralda belə bir proqramın təşkili, xüsusi kampaniyanın təşkil edilməsi Azərbaycan tarixinə, onun ən qanlı səhifələrindən biri olan Xocalıda şəhid olan insanlarımızın ruhuna hörmətsizlik kimi qələmə verilə bilər.

Qeyd edək ki, saytın baş redaktoru Cəfər Cəfərov bildirib ki, artıq rəhbəri olduğu Asiya.az xəbər portalında həmin turla bağlı tənqidi yazı dərc edildikdən sonra ona qarşı hədələyici zənglər gəlməyə başlayıb. “Millət vəkili İqbal Məmmədovun və oğlu Mirhəmid Nərimanlının idarə etdiyi bu “qoçular” hətta məni ölümlə təhdid edirdilər.
Görünür, Mirhəmidin “Relax” İstirahət Mərkəzində Vergilər Nazirliyinin əməkdaşlarını döydükləri üçün aldığı həbs cəzası ona və atasına dərs olmayıb.

image-relax

Millət vəkilinin köməkçisi olan qardaşı oğlu Nəriman Nərimanlı və digər qardaşı oğlu Namid Nərimanlı tərəfindən isə bu ailəyə məxsus trollar sosial şəbəkədə onun ünvanına təhqirlər yazmağa başlayıblar.

Cəfər Cəfərov vurğulayıb ki, İqbal Məmmədov qoçu, trol saxlamaqdansa rayondakı qazi və şəhid ailələri ilə maraqlansın: “Onlar dərdlərini, sosial problemlərini deməyə sizi tapmadıqları üçün paytaxtda başqa millət vəkilləri axtarırlar. Neçə illər Lerikdən deputat seçilməyinizə baxmayaraq, əhaliyə heç bir köməyiniz dəyməyib. İşiniz yalnız ailə biznesinizi artırmaqdan ibarət olub. Sizə məxsus istirahət mərkəzində, Broyler quşçuluq fabrikində əhalini qul kimi istismar etmisiniz. Yazdıqlarımız isə, əməllərinizin heç 10%-i deyil”.

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.konkret.az